Saxta balın fəsadları

Saxta balın fəsadları Bal 40-dan çox növü olan, çoxlu sayda mineral və vitaminlərlə zəngin olan, saysız-hesabsız müalicəvi xüsusiyyətləri özündə daşıyan qida məhsuludur.
Tehsil-press.az-n Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmalara istinadən verdiyi məlumata görə, balın rəngi və dadı tərkibindəki çiçək və otlardan asılı olaraq dəyişir. Tərkibində 13-20% su, 80%-dən çox karbohidrat, 0.4% zülal, 0.3% kül var. Bundan başqa, üzvi turşular, fermentlər, mineral və vitaminlərlə də zəngindir. Bal dadlandırıcı və qoruyucu kimi qənnadı sənayesində və müalicə məqsədilə istifadə olunur. Balın sağlamlığa faydalarını saymaqla bitməz. Aparılan tədqiqatlar nəticəsində müəyyən olunub ki, bal insan orqanizminə müsbət təsir göstərir, həmçinin bir çox xəstəliyin qarşısını alır.
Bəzən balın tərkibində bakteriya, kif və maya göbələklərinə də rast gəlinir. Bu mikroorqanizmlərin miqdarı balın keyfiyyəti və təhlükəsizliyinə təsir edir. Xoşbəxtlikdən bakteriya və mikrobların çoxu balda böyüyə və çoxala bilmir, lakin spor əmələgətirən mikroorqanizmlər (Bacillus cereus, Clostridium perfringens) balda uzun müddət yaşaya bilərlər.
Saxta balın bir sıra orqanoleptik xüsusiyyətləri təbii balla oxşar olsa da, arılar tərəfindən istehsal olunan təbii balın tərkibində olan fermentlər, çiçək tozu və dekstrinlər süni balda yoxdur. Saxta bal hazırlanarkən şəkərli məhsul (yemiş, qarpız, şəkər qamışı və şəkər çuğunduru), təbii (dazı otu, çay dəmləməsi, zəfəran), yaxud süni rəngləndiricilər istifadə olunur. Hazırlanmış süni balın dadının təbii bala uyğunlaşdırılması üçün az miqdarda təbii baldan istifadə olunur.
Aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, təbii bal və şəkəri ayıran çox mühüm fərqlər var. Şəkər həzm sistemində parçalanaraq qana keçir, lakin təbii bal parçalanmadan sürətli şəkildə qana qarışa bilir. Beləliklə, bal insan orqanizminin ən yüksək dərəcədə faydalana biləcəyi qida məhsuludur. Lakin süni bal sırf şəkərdən hazırlandığından insan orqanizminə bir sıra fəsadlar törədə bilər.
Şəkər orqanizmdə qaraciyər tərəfindən metabolizə edilir, bu da qaraciyərin bəzi funksiyalarının pozulmasına və daha çox fəaliyyət göstərməsinə gətirib çıxarır. İnsanın aktiv həyat tərzi keçirməməsi və normadan artıq şəkər qəbul etməsi aşağıdakı bir çox xəstəliklərə səbəb ola bilər:
- Xərçəng hüceyrələrinin yaranması;
- Qaraciyər piylənməsi;
- Depressiya və psixi pozğunluqlar;
- Diabet xəstəliyi;
- Normadan artıq çəki;
- Damar tıxanıqlığı;
- Uşaqlarda böyümə hormonlarının ifrazının ləngiməsi və orqanizmin hormonal balansının pozulması;
- Uşaqlarda diqqət dağınıqlığı;
- Dişlərin çürüməsi və buna bağlı böyrək və bağırsaq iltihablanmaları;
- Orqanizmin immun sisteminin zəifləməsi.
Bütün bunları nəzərə alaraq istehlakçılar yalnız təbii baldan istifadə etməlidir. Lakin saxta balı təbii baldan qoxusuna, rənginə və dadına baxaraq istehlakçıların ayırd edə bilməsi mümkün deyil. Bunu ancaq laborator müayinələr nəticəsində mütəxəssislər ayırd edə bilər.

Tehsil-press.az

Oxşar xəbərlər