Bakı Ali Neft Məktəbi onlayn yay məktəbi təşkil edəcək

Bakı Ali Neft Məktəbi onlayn yay məktəbi təşkil edəcək Bakı Ali Neft Məktəbi (BANM) İtaliyanın Milano-Bicocca Universiteti ilə birgə sentyabrın 6-dan 16-dək onlayn formatda “Davamlı ətraf mühit üçün enerji həlləri” mövzusunda Yaşıl Enerji İdarəetməsi (GEM – Green Energy Management) yay məktəbi təşkil edəcək.
Yay məktəbində iştirak etmək istəyən tələbələrin müraciətlərinin qəbuluna başlanılıb. Müraciət ərizələri iyunun 15-dək http:www.summerschoolbicocca.com/20-GEM.php ünvanına göndərilməlidir.
GEM yay məktəbində iştirak edən magistrlər ənənəvi və yaşıl enerjiyə dair ümumi məlumat əldə edəcək, onlayn dərslərdə əsas enerji prinsipləri, üzvi tullantıların təkrar emalı, bioyanacaq, hidroenerji istehsalı, külək və günəş enerjisi, kənd təsərrüfatında təkrar istehsal və iqlim dəyişikliyi üçün maliyyələşdirmə kimi mövzular üzrə müzakirələrdə iştirak edə biləcəklər.
Bütün dərslər/mühazirələr və qrup işləri distant təhsil platformaları vasitəsilə saat 11:00-dan 14:00-dək (Bakı vaxtı) keçiriləcək. İştirakçılar distant təhsil formatında keçiriləcək dərslərdə texniki biliklər əldə edə və əməkdaşlıq bacarıqlarını inkişaf etdirə biləcəklər.
Qeyd edək ki, Bakı Ali Neft Məktəbi Milano-Bicocca Universiteti ilə əməkdaşlıq çərçivəsində 2019-cu ildə GEM yay məktəbini uğurla təşkil edib. GEM 2013-cü ildə fəaliyyətə başlayıb və həm ənənəvi, həm də bərpa olunan enerji idarəetmə və davamlı ətraf mühit sahəsində geniş təcrübəyə malik olan bir çox Avropa universitetlərinin alim və mütəxəssisləri tərəfindən idarə olunur. GEM təcrübə mübadiləsi, şəbəkə imkanları, yeni regional layihə ideyaları və təşəbbüslər yaratmaq üçün dünyanın hər yerindən (Şərqi və Qərbi Avropa, Afrika, Asiya və Cənubi Amerika) tələbələri bir araya toplayır.

Tehsil-press.az

Oxşar xəbərlər