Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti qaydası təsdiqlənib

Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti qaydası təsdiqlənib Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə "Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti Qaydası” təsdiq edilib.
Peşə təhsili müəssisələrində ümumi təhsil fənləri üzrə təhsilalanların attestasiyası Təhsil Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmə) aparılmasının müvəqqəti Qaydası”na, yekun attestasiyası isə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”na uyğun olaraq həyata keçiriləcək.
Yekun qiymətləndirmədə tapşırıqvermə üsulundan istifadə olunacaq. Modulun təlim nəticələri üzrə nəzəri biliklərin və tətbiqi (praktik) bacarıqların müəyyən edilməsi üçün səriştənin qiymətləndirilməsi nəticələri 5 ballıq qiymət şkalası (2, 3, 4, 5) ilə ölçüləcək. Təhsilalanlar tapşırıq üzrə meyarları 20 faizədək yerinə yetirdikdə “2”, 20-60 faiz yerinə yetirdikdə “3”, 60-80 faiz yerinə yetirdikdə “4”, 80-100 faiz yerinə yetirdikdə “5”-lə qiymətləndirilir. Təhsilalanın səriştəsinin qiymətləndirilməsindən aldığı qiymət onun yekun qiyməti hesab olunur.
Yekun qiymətləndirmədə iştirak etməyən və ya qeyri-müvəffəq qiymət alan təhsilalanlar peşə təhsili müəssisəsinin müəyyən etdiyi vaxtlarda ildə bir dəfə olmaqla növbəti iki il müddətində keçirilən yekun qiymətləndirmədə iştirak edə bilərlər.
Yekun qiymətləndirmənin nəticələri ilə razılaşmayan təhsilalanların, onların valideynləri və ya digər qanuni nümayəndələrinin müraciətlərinə Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən baxılır.
Xatırladaq ki, bu qayda peşə təhsili müəssisələrində təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud şəxslərin attestasiyasına şamil edilmir.

Tehsil-press.az

Oxşar xəbərlər