Aqil Şirinov: İstər distant, istərsə də ənənəvi formada dərsləri davam etdirməyə hazırıq

Aqil Şirinov: İstər distant, istərsə də ənənəvi formada dərsləri davam etdirməyə hazırıq COVID-19 pandemiyası hələ də davam edir. Dünyanın müxtəlif ölkələrində təhsil müəssisələri öz fəaliyyətini yeni qaydalara, belə demək mümkünsə, “koronavirus dövrünün qaydaları”na uyğunlaşdırıb davam etdirir. Azərbaycanın təhsil müəssisələri də öz fəaliyyətini pandemiya dövrünün tələblərinə uyğun olaraq, müəyyənləşdirilmiş xüsusi qaydalara əməl etməklə həyata keçirir.
Bunu Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov deyib.
O bildirib ki, Azərbaycan İlahiyyat İnstitutu mövcud vəziyyəti nəzərə alaraq, martın əvvəllərindən etibarən videodərslərə başladı. İnstitutun fənn müəllimləri tərəfindən keçirilən videodərslər ali məktəbin rəsmi “Facebook” səhifəsində, “YouTube” kanalında yerləşdirildi: “İnstitutda təhsil prosesinin davamlılığını təmin etmək məqsədilə Təhsil Nazirliyinin dəstəyi ilə “Microsoft Teams” platformasının tətbiqi ilə bağlı qərar qəbul edildi. Qısa müddət ərzində platforma vasitəsilə məsafədən dərslərə start verildi. Tədris sillabuslara uyğun şəkildə həyata keçirildi, həmçinin dərs vəsaitləri və digər materialların adıçəkilən platformaya yerləşdirilməsi təmin olundu. Daha sonra yaz imtahan sessiyası təsdiq edilən imtahan cədvəlinə uyğun olaraq, yenə də “Microsoft Teams” platforması üzərindən onlayn formatda şifahi formada həyata keçirildi. Nəticədə Aİİ 2019-2020 tədris ilinin yaz semestri ərzində bütün fənlərə dair məlumatları tam şəkildə tələbələrə çatdırmağa müvəffəq oldu”.
Rektor diqqətə çatdırıb ki, 2020/2021-ci tədris ilində dərslərin hansı formatda keçiriləcəyi hələlik bilinmir. İnstitut istər distant, istərsə də ənənəvi formada dərsləri davam etdirmək potensialına malikdir. Biz hər iki təhsil formasının tətbiqinə hazırıq: “Fürsətdən istifadə edib müəssisəmizin bütün fədakar kollektivinə, xüsusən də müəllim heyətinə təşəkkürümü bildirirəm. Məhz onların peşəkarlığı və fədakarlığı sayəsində ötən semestrdə COVID-19 pandemiyasının səbəb olduğu gözlənilməz şəraitdən üzüağ çıxdıq. Bu gün də hər iki təhsil formasında dərsləri davam etdirə biləcəyimizi əminliklə söyləyə bilirik”.
Aqil Şirinov ali təhsil müəssisəsinə qəbul prosesi haqqında da məlumat verib: “İki ildir institutda xarici ölkələrdə yaşayan soydaşlarımızın təhsil alması reallaşır. Keçən il xarici ölkə vətəndaşı olan beş soydaşımız Aİİ-yə qəbul olunub. Sözügedən prosesi bu il də davam etdiririk və daha çox əcnəbi tələbənin qəbulu nəzərdə tutulub. Tələbələrin Aİİ-yə qəbulu təhsil sahəsində Azərbaycanla xarici ölkələr arasında bağlanmış müqavilələrə uyğun müəyyənləşdirilmiş kvota, institutun iştirak etdiyi beynəlxalq proqramlar, dövlət tərəfindən təsdiqlənmiş təhsil qrantı proqramı, ali təhsil müəssisəsi ilə xarici ölkələrin təhsil qurumları, hüquqi və fiziki şəxslərlə birbaşa bağladığı müqavilələr və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən tələbə qəbulu müsabiqəsi əsasında keçirilir. Hazırda institutda təhsil yalnız Azərbaycan dilində aparılır. Gələcəkdə digər dillərdə də tədrisin həyata keçirilməsi nəzərdə tutulur ki, bu da Aİİ-yə daha çox əcnəbi tələbənin cəlb edilməsinə imkan verəcək”.
Rektor Məhərrəmlik ayı ilə bağlı mərasimlərin keçirilməsi məsələsinə də toxunub. O qeyd edib ki, bu il dünyanın əksər ölkələrində, eləcə də ölkəmizdə COVID-19 səbəbindən ibadət ocaqları müvəqqəti olaraq bağlanıb. Həcc ibadəti də milyonlarla insanın iştirakı ilə deyil, Səudiyyə Ərəbistanında yaşayan məhdud sayda insanın iştirakı ilə icra olundu. Artıq Məhərrəm ayı başlayıb və avqustun 30-u Aşura günüdür. Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası Məhərrəm ayı və Aşura günü ilə əlaqədar Azərbaycan müsəlmanlarına əhatəli və dolğun müraciət ünvanlayıb. Müraciətdə də qeyd olunduğu kimi, kütləviliyi ilə seçilən və sosial məsafəyə riayətin, demək olar ki, mümkün olmadığı Aşura kimi mərasimlərdə insanların virusa yoluxma ehtimalı artır. Buna görə də Qazılar Şurası bu il Məhərrəmlikdə məscid və ziyarətgahlarda təziyə mərasimlərinin keçirilməyəcəyinə dair qərar qəbul edib: “Azərbaycan dindarları həmişə öz müdrikliyi ilə seçilib. Əminəm ki, bu il də dindarlarımız Qazılar Şurasının müraciətinə və Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara zidd əməllərə yol verməyəcəklər. Dinin bu mövzudakı hökmü qətidir və bu, birmənalı olaraq qəbuledilməzdir. İstər Qafqaz Müsəlmanları İdarəsi və ölkəmizdəki din alimləri, istərsə də digər müsəlman ölkələrində yaşayan nüfuzlu müsəlman alimlər dəfələrlə belə halların yolverilməzliyinə dair öz fikirlərini açıqlayıblar. Düşünürəm ki, Azərbaycan dindarları artıq bu mərhələni arxada qoyub. Biz Aşura mərasimlərində bəzi müsəlman ölkələrində müşahidə edilən halları ölkəmizdə artıq müşahidə etmirik. İllərdir ki, ölkəmizdə Aşura günündə insanlar bədənlərinə xəsarət yetirmək əvəzinə qanvermə aksiyalarında iştirak edir və bu aksiyalar vasitəsilə qana ehtiyacı olan xəstə insanlara kömək göstərirlər. Azərbaycan müsəlmanları qan tökmür, əksinə, insanların həyatını xilas etmək üçün qan verir”.
“Hər bir insan öz evində fərdi şəkildə Kərbəla şəhidlərini yad edə bilər. Bu, dinimizin qaydalarına qətiyyən zidd deyil. Bunun üçün “Qurani-Kərim”i dərk edərək oxumaq, Kərbəla şəhidlərinin uğrunda öz canlarını fəda etdiyi amallar haqqında təfəkkürə dalmaq, onların həyatını səhih mənbələrdən oxumaq, Mərkəzi Qan Bankının filiallarına gedərək qan vermək Aşura gününün mahiyyətinə uyğun olan ən gözəl davranışlardır. Eləcə də bu gündə Kərbəla şəhidləri ilə yanaşı, torpaqlarımız uğrunda öz canlarını fəda etmiş şəhidlərimizi və bu yolda fədakarcasına vuruşub xəsarət almış qazilərimizi də unutmamalıyıq. Ümid edirik, tez bir zamanda dünyamız pandemiyadan xilas olacaq və gələn il ənənəvi olaraq kütləvi şəkildə keçirilən mərasimlər yenə əvvəlki qaydada qeyd ediləcək. Bunun üçün əsas şərt hamılıqla karantin qaydalarına riayət etməkdir. Unutmayaq ki, insanların kütləvi şəkildə toplaşması virusun daha çox yayılmasına, daha çox insanın ölməsinə yol aça bilər”, - deyə ilahiyyatçı alim qeyd edib.

Tehsil-press.az


Oxşar xəbərlər