Səfir: Özbəkistan Azərbaycanın nəqliyyat dəhlizləri vasitəsilə məhsulların ixracını təşkil etməyə çalışır - MÜSAHİBƏ

Səfir: Özbəkistan Azərbaycanın nəqliyyat dəhlizləri vasitəsilə məhsulların ixracını təşkil etməyə çalışır - MÜSAHİBƏ Özbəkistan-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır.
Bunu Özbəkistanın Azərbaycandakı yeni səfiri Bahrom Aşrafxanov deyib.
O bildirib ki, yüksək səviyyəli münasibətlərin əsasında ölkələrimizin liderləri arasında sıx dialoq dayanır.
Səfir xatırladıb ki, 2019-cu ildə Özbəkistanla Azərbaycan arasında ticarət dövriyyəsi 55,7 faiz artaraq 73,4 milyon dollar təşkil edib:
“Vacib göstərici odur ki, qlobal iqtisadiyyatda cari böhran vəziyyətində ölkələrimiz arasında ticari-iqtisadi münasibətlər müsbət artım dinamikası göstərir. 2020-ci ilin birinci yarısında ikitərəfli ticarət ötən ilin eyni dövrü ilə müqayisədə 77,7 faiz artıb və 47,5 milyon dollara bərabər olub”.
B.Aşrafxanov vurğulayıb ki, bu göstəricilər ölkələr arasında olan imkanları real əks etdirmir:
“İmkanların maksimallaşdırılması çərçivəsində qarşılıqlı ticarət dövriyyəsinin artırılması üçün məqsədyönlü addımlar atılır. 2020-ci il iyunun 9-dan 12-dək “Made in Uzbekistan Online” biznes forumu keçirilib. Onlayn forumun yekunları bizim ümidlərimizi doğrultdu. 50-dən çox özbəkistanlı istehsalçı 100-dən çox Azərbaycan şirkətinin nümayəndələri ilə əlaqə yaradıb”.
O, həmçinin Özbəkistan və Azərbaycanın nəqliyyat və logistika sahəsində əməkdaşlığının vacibliyini vurğulayıb. Səfirin sözlərinə görə, Mərkəzi Asiyadan başlayan və Xəzər dənizindən, daha sonra Qafqazdan keçən nqəliyyat marşrutları xüsusi aktuallıq qazanır:
“Bu baxımdan Trans-Qafqaz nəqliyyat dəhlizindən idxal-ixrac yüklərinin daşınması üçün geniş istifadə olunması dövlətlərimizin maraqlarına cavab verir. Biz həm də hesab edirik ki, Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizinin, eləcə də Bakı beynəlxalq limanının işə düşməsi müxtəlif qitələrin bazarlarına yol açır. Bu baxımdan biz nəqliyyat dəhlizlərinin və zəruri infrastrukturun yaradılması üçün göstərdiyi səylərə görə Azərbaycan tərəfinə minnətdarıq”.
B.Aşrafxanov qeyd edib ki, Özbəkistan bu dəhlizlər vasitəsilə öz yükdaşımalarını artırmaq imkanlarını öyrənir və bununla əlaqədar olaraq iki ölkənin müvafiq strukturları arasında fəal danışıqlar prosesi gedir.
Səfirin sözlərinə görə, Özbəkistan tərəfi son dövrlərdə Azərbaycan sahibkarlarının Özbəkistanda aparılan genişmiqyaslı dəyişiklikləri nəzərə almaqla bu ölkəyə böyük maraq göstərməsinə görə məmnundur:
“Bildiyiniz kimi, bu gün Özbəkistanda Prezident Şavkat Mirziyoyevin rəhbərliyi altında öz layihələrini ölkəmizdə reallaşdırmaqda maraqlı olan xarici investorlar üçün əlverişli işgüzar mühitin yaradılmasına xüsusi diqqət ayrılır. Hazırda Əndican, Buxara, Qaşqadərya, Sırdərya və Fərqanə vilayətlərində, eləcə də Daşkənddə Azərbaycan səfirliyinin xətti ilə ümumi məbləği 80 milyon dollara yaxın olan yeddi layihə reallaşdırılır. Bununla yanaşı tikinti, kənd təsərrüfatı, İKT, ərzaq kimi sahələri əhatə edəni bir sıra layihələr hazırlanır”.
Diplomat qeyd edib ki, 2020-ci il avqustun 1-ə olan vəziyyətə görə, Özbəkistanda Azərbaycan kapitalı ilə 195 müəssisə fəaliyyət göstərir, onlardan 69-u birgə müəssisə, 126-ı yüz faiz xarici kapitalla işləyən müəssisələrdir:
“Təkcə bu ilin ilk yarısında Azərbaycan kapitalı ilə 19 yeni müəssisə yaradılıb. Onların əsas fəaliyyət sahələri ticarət, maşınqayırma və metal emalı, maliyyə və sığorta, daşınmaz əmlak üzrə əməliyyatlar, energetika, xidmət sahələri, zinət əşyalarının istehsalı və təmiri, qida sahəsi, yüngül sənayedir”.
Səfir əlavə edib ki, turizm sahəsində əməkdaşlığın inkişafı da gündəlikdə dayan priroritet məsələlərdəndir. O, Azərbaycandan da turist axınının artan dinamikasını qeyd edib və vurğulayıb ki, bu göstərici hər il təxminən 20 faiz artır:
“Sevindirici haldır ki, son dövrlərdə Özbəkistan və Azərbaycan turizm administrasiyaları arasında əlaqələr artıb. Bu çərçivədə turizm sahəsində qarşılıqlı səmərəli əməkdaşlığın təşviqi barədə razılaşmalar əldə olunub. Bu kontekstdə 2019-cu ilin iyulunda Bakıda “İpək Yolu” Beynəlxalq Turizm Universiteti və Azərbaycan Turizm və Menecment Universiteti arasında imzalanmış anlaşma memorandumu mühüm əhəmiyyət kəsb edir”.

Tehsil-press.az

Oxşar xəbərlər