Bakı Dövlət Universiteti və Azərbaycana Birgə Yardım Təşkilatı anlaşma memorandumu imzalayıb

Bakı Dövlət Universiteti və Azərbaycana Birgə Yardım Təşkilatı anlaşma memorandumu imzalayıb Bakı Dövlət Universiteti (BDU) ilə Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA) arasında anlaşma memorandumu imzalanıb. Memorandumu CHED - Ali Təhsil Komissiyası (The Commission on Higher Education) proqramı çərçivəsində universitetin Sosial elmlər və psixologiya fakültəsi reallaşdıracaq.
Memoranduma əsasən, Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində yüksəkixtisaslı kadrların hazırlanması və tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə ixtisasyönümlü təlimlər təşkil ediləcək, tələbələrə professor Toby Long (Corctaun Universiteti) tərəfindən mühazirələr oxunacaq. Təlimləri uğurla başa vuran təhsilalanlara sertifikatlar təqdim olunacaq. Eyni zamanda, sözügedən layihə çərçivəsində ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya yönümlü sosial xidmətlərin təşkili və onların cəmiyyətə inteqrasiyasının təmin edilməsi məqsədilə mərkəzin yaradılması nəzərdə tutulur. İştirakçıların sertifikatlaşdırılmasını Corctaun Universiteti və BDU ilə birlikdə həyata keçirəcək.
Qeyd edək ki, Azərbaycana Birgə Yardım Təşkilatı (UAFA) “Uşaqlar, xüsusən də əlilliyi olan uşaqların sağlamlıq və təhsil məsələlərinə diqqət yetirməklə Azərbaycanda sosial həyatın uzunmüddətli inkişafına kömək” missiyası ilə 1998-ci ildə təsis edilib. UAFA həm Azərbaycanda, həm də beynəlxalq aləmdə sosial siyasət sahəsində önəmli fəaliyyəti olan qeyri-hökumət təşkilatıdır.

Tehsil-press.az

Oxşar xəbərlər