Texniki səbəblərdən qiymətləndirmədə iştirak edə bilməyən şagirdlər üçün yenidən imkan yaradılacaq

Texniki səbəblərdən qiymətləndirmədə iştirak edə bilməyən şagirdlər üçün yenidən imkan yaradılacaq Təhsil Nazirliyinin “Bizdən soruşurlar” layihəsi çərçivəsində daha çox müraciət olunan mövzularla bağlı sualların cavablandırılması prosesi davam etdirilir.
Dekabrın 19-da keçirilmiş milli qiymətləndirmədə texniki səbəblərdən iştirak edə bilməyən şagirdlər üçün yenidən imkan yaradılacaqmı?” sualına cavab olaraq bildirilib ki, texniki səbəblərdən sözügedən qiymətləndirmədə iştirak edə bilməyən şagirdlər üçün əlavə qiymətləndirmə keçiriləcək. Bu barədə ictimaiyyət məlumatlandırılacaq.
Xatırladaq ki, “Virtual məktəb”də milli qiymətləndirmə təşkil edilib. Qiymətləndirmənin əsas məqsədi IV, VI və IX sinif şagirdləri arasında keyfiyyət göstəricilərini müəyyən etmək olub. “Microsoft Teams” platforması üzərindən təşkil olunan budəfəki qiymətləndirmədə ümumi təhsil pilləsində keyfiyyət göstəriciləri ilə yanaşı, elektron sistemin imkanları da texniki olaraq dəyərləndirilib. Bir daha qeyd olunmalıdır ki, milli qiymətləndirmənin nəticəsi şagirdlərin məktəbdaxili qiymətləndirmə üzrə nəticələrinə təsir göstərmir. Bu qiymətləndirmə tədqiqat xarakteri daşıyır və tədris ili ərzində mütəmadi təşkil olunacaq.
Qeyd edək ki, mövcud şərait nəzərə alınaraq, 2020-2021-ci tədris ili üzrə məktəbdaxili qiymətləndirmənin hansı formada aparılması ilə əlaqədar Təhsil Nazirliyi kollegiyasının qərar layihəsi artıq hazırlanıb. Hazırda layihə üzrə rəy və təkliflər toplanılır. Bununla bağlı tezliklə geniş məlumat veriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər