Azərbaycan Dövlət Neft və Sənaye Universitetində IX məzun-karyera sərgisinin ilkin nəticələri açıqlanıb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində IX məzun-karyera sərgisinin ilkin nəticələri açıqlanıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) onlayn formatda keçirilmiş IX məzun-karyera sərgisinin ilkin nəticələri elan olunub.
Onlayn görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi şəraitinə baxmayaraq ali təhsil ocağı ilə tərəfdaş qurumlar – nazirlik və agentlik, dövlət və özəl şirkətlər arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində işlərin davam etdirildiyini deyib. Sonuncu sərgidə 57 şirkət tərəfindən 235 vakant iş yeri təklif edildiyini vurğulayan rektor M.Babanlı həmin vakant yerlərə ADNSU-nun tələbə və məzunlarının göndərdiyi 2194 CV üzrə müsahibələrin keçirildiyini, artıq tələbə və məzunların arasında işəgötürülənlərin olmasından məmnunluğunu ifadə edib.
Görüşdə iştirak edən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA), “AzerGold” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “AzərEnerji” ASC, “Azərişıq” ASC, “Bakı Abadlıq Xidməti” MMC-nin də digər qurumların nümayəndələri təqdim etdikləri vakant yerlərə verilmiş CV-lərlə bağlı artıq seçim və müsahibəyə başlandığını bildiriblər. AQTA-ya 2 nəfərin, “Azərenerji” ASC-yə 10 nəfər ADNSU məzununun işə qəbul olunduğu, 12 nəfərin sonradan daimi işə keçirilmə məqsədilə təcrübəyə cəlb edildiyi qeyd olunub. “Bakı Abadlıq Xidməti” MMC-nin təklif olunan 46 vakant iş yerinə CV göndərmiş ADNSU məzunlarının müsahibələri hazırda davam edir. Ümumilikdə IX məzun-karyera sərgisi sayəsində onlarla ADNSU məzununun işlə təmin olunub.
Tədbirin sonunda professor M.Babanlı IX məzun-karyera sərgisində iştirak edən bütün şirkət və qurumlara təşəkkürünü bildirib, tələbə və məzunlara uğurlar arzulayıb.
Qeyd edək ki, IX məzun-karyera sərgisində tələbə və məzunlar career.asoiu.edu.az linki vasitəsilə sayta daxil olaraq vakant yerlərlə tanış olduqdan sonra müvafiq şirkət və vəzifəni seçib CV-lərini göndəriblər. Sayt daimi əsaslar üzrə fəaliyyət göstərir, mütəmadi olaraq ADNSU-nun tərəfdaşı olduğu müəssisə və qurumların vakant iş yerləri barədə informasiyası sayta əlavə olunur.

Tehsil-press.az



Oxşar xəbərlər