Məktəblərdə birinci yarımil üzrə qiymətləndirmə keçirilir

Məktəblərdə birinci yarımil üzrə qiymətləndirmə keçirilir Ümumi təhsil məktəbləri tərəfindən 2020-2021-ci tədris ilinin I yarımili üzrə summativ qiymətləndirmə keçirilir.
“Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası” na əsasən, II-XI siniflərdə bütün fənlər üzrə summativ qiymətləndirmə fənni tədris edən müəllim tərəfindən distant formada aparılır.
Summativ qiymətləndirmənin nəticələri 100 ballıq şkala ilə ölçülür. 45-60 dəqiqə ərzində təşkil olunan summativ qiymətləndirmə nəticəsində müəyyən edilmiş ballar şagirdlərin yarımillik qiymətləri hesab olunur.
Qiymətləndirmədə test, inşa, çalışma, şifahi sorğu, yaradıcılıq və əl işləri, layihə kimi vasitələrdən istifadə olunur.
Qeyd edək ki, üzrlü səbəbdən qiymətləndirmədə iştirak edə bilməyən şagirdlər üçün 1 ay ərzində yenidən qiymətləndirmə təşkil olunacaq. Sürətli internet bağlantısı və ya internetə çıxışı olmaması səbəbindən qiymətləndirmədə iştirak edə bilməyən şagirdin müvafiq tələblər gözlənilməklə əyani formada qiymətləndirmədə iştirakı üçün müvafiq şərait yaradılacaq. Şagirdin əyani formada qiymətləndirmədə iştirakı “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər” nəzərə alınmaqla təmin olunacaq.

Tehsil-press.az



Oxşar xəbərlər