Bu günlərdə "Moderator.az" saytında Sultan Laçının "Vilayətin erməni rəhbərliyi 1986 -cı ildə növbəyə duran şuşalıya yalnız 2034 - cü ildə mənzil vəd edirdi..." başlıqlı yazısını oxudum. Orta məktəbdə təhsil aldığım dövrdə, eləcə də sonrakı illərdə ermənilərin "saman altından su yeritməklə" gələcək məkrli gizli planlarının gözlə görünməyən tərəfləri haqda yazmağa ehtiyac duydum. Doqquzuncu sinifdə oxuyarkən sinif yoldaşım Ramizin tənəffüs zamanı mənə ehtiyatla dedikləri yaxşı yadımdadır. Səsinin ahəngində nədənsə çəkinərək, mənə dediyi sözləri kiminsə eşitməyini istəməməsi aydın idi. Ramiz qulağıma pıçıtılı ilə: - Hikmət, evdə olarkən atana de ki, bizim ailə üzvlərimizə anadan olduğumuz Həsənab kəndindən (İmanovlar ailəsinə) nə bir arayış, nə bir sənəd vermirlər. Xüsusən də məktəbli qardaş və bacıma...Heç birimizin də qeydiyyatı yoxdur.... Sinif yoldaşımın söylədiyi fikirləri atama eynilə çatdırdım. O vaxtlar İmanovların ailəsi kimi, yüzlərlə, minlərlə yerli azərbaycanlıları doğulduğu kəndlərində və qəsəbələrdə qeydə almamaqla azərbaycanlıların sayının artmasının qarşısını alan erməni məmurlarının məkrli əməllərindən nə Ramiz, nə də mən xəbərdar deyildik... Atam (Agdamda məsul vəzifədə çalışırdı) mənə sinif yoldaşım Ramizin ailə üzvlərinə məxsus olan sənədləri İcraiyyə Komitəsinə (qurumun adı belə idi) bir nəfərin gətirməsini və sənədlərlə tanış olandan sonra lazım olan köməklik edəcəyini soylədi. Atam çox uşaqlı bir ailənin uzun müddət qeydiyyatsız qalma faktını: "bu da ermənilərin növbəti kələyidir" - deyərək bildirdi. Ertəsi gün Ramizin səbirsizliklə məndən cavab gözlədiyi məlum idi. Sinif yoldaşıma məsələnin nə yerdə olduğunu bildirdim. İzah etdim ki, atam sizin ailə haqda ailənizin sənədlərinə baxıb, aidiyyəti quruma, pozulmuş hüquqlarınızla bağlı sorğu göndərəcək. Bunun üçün isə ərizə yazmalısınız. Bir neçə gün keçdikdən sonra Ramiz atasının Xocalı hava limanında, səhv etmirəmsə kassir işlədiyini, anasının isə limanın təmizlik işində çalışdığını söylədi. Ramiz təəssüflə bildirdi ki, bilirsən, atam rəsmi ərizə ilə müraciətə razılıq vermədi. Siz onlara(oxu:ermənilərə) yaxşı bələdsiz, şikayətdən sonra ya atamdan, ya da ki, anamdan fürsət tapan kimi qisas alacaqlar... Sinif yoldaşım Ramizin atası isə övladlarının öz dədə-baba yurduna nə üçün qeydiyyata alınmadığını çox yaxşı bilirdi. Həsən kişi: "Sovet Azərbaycanın yuxarı Qarabağında yüksək vəzifə tutmuş ermənilərdən şikayət etməyin axırı nə ilə qurtara bilər?!" - sualın cavabını özü hamıdan yaxşı anlayırdı. Ona görə ki, həmin dövrü tədqiq etməyə elə də bir lüzum yoxdu idi. O vaxtlar keçmiş vilayət rəhbərliyində vur-tut üç nəfər azərbaycanlı(?!) işləyirdi. Onların da elə bir səlahiyyəti yox idi. Necə deyərlər, "gözdən pərdə asmaq" naminə ermənilərə belə sərf edirdi. Yuxarı Qarabağda həmən dövrdə söz sahibləri ermənilər idi. Bu, bir həqiqətdir... Danmaq mümkün deyil... Yuxarı Qarabağda monoetnik erməni cəmiyyəti yaratmaq üçün İmanovlar ailəsinin başına bilərəkdən gətirilən müsibətlər öz dogma yurdundan "gözəgörünməz" formada, azərbaycanlıların el obasından səssizcə deportasiyasina nail olmaq ermənilərin yaxın keçmişdə bu gün üçün hazırladıqları planlarının tərkib hissəsi idi...
Hikmət İslamoglu