Misirli tədqiqatçı Assuit Universitetində Azərbaycan xalçaları mövzusunda dissertasiya müdafiə edib

Misirli tədqiqatçı Assuit Universitetində Azərbaycan xalçaları mövzusunda dissertasiya müdafiə edib Qahirənin Assuit Universitetinin İncəsənət kafedrasının dosenti, gənc tədqiqatçı-alim Sara İbrahim bu ali təhsil ocağında aparılan Böyük İpək yolu elmi araşdırmaları çərçivəsində “Səfəvilər dövründən son xanlıqlara qədər qədim Azərbaycan xalçaları (1501-1822-ci illər)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Onun bu elmi işi haqqında məqalə “Əl-Bəvaba” nəşrində də dərc edilib.
Assuit Universitetinin professoru Əhməd Rəcəb, Qahirə Universitetinin professoru Samih Fikri Əl-Bənna və digər tanınmış alimlərin qarşısında elmi işini müdafiə edən Sara İbrahim dissertasiyanın giriş bölməsində Azərbaycanın təbiəti və İslamın bərqərar olduğu dövrdən bəri sərhədləri, coğrafi mövqeyi barədə ətraflı məlumat verildiyini bildirib. Diqqətə çatdırıb ki, elmi əsərdə Şirvan, Qarabağ və Təbriz xalçaları təqdim edilib. Onların arasında Azərbaycanda, habelə dünyanın müxtəlif muzeylərində, o cümlədən Qahirənin İslam Muzeyində nümayiş etdirilən qədim nümunələr var.
Müdafiəni uğurla başa vuran gənc alimə Assuit Universitetinin İslam mədəniyyəti kafedrasının doktoru elmi dərəcəsi verilib. Elmi işin rəhbəri, Qahirə Universitetinin professoru Əhməd Rəcəb deyib ki, tədqiqat müddətində dissertantın Azərbaycana səfəri təşkil edilib və bu, mükəmməl dissertasiyanın ərsəyə gəlməsinə səbəb olub.
Sara İbrahimin elmi əsərinin ayrıca kitab şəklində nəşr olunmasına qərar verilib.

Tehsil-press.az



Oxşar xəbərlər