“Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi icra edilib

“Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi icra edilib Təhsil İnstitutu “Azərbaycanın ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların (Tİİ) gücləndirilməsi” adlı layihəni icra edib.
Layihənin həyata keçirilməsində əsas məqsəd ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların strategiyası və idarəedilməsinin gücləndirilməsi olub. Təhsil Nazirliyinin əsas benefisiarı olduğu və Avropa İttifaqının maliyyələşdirdiyi layihə 2018-ci ilin oktyabr ayı ilə 2020-ci ilin may ayı arasında olan dövrü əhatə edib. Ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyalara dəstək verilməsi məqsədilə rəqabətqabiliyyətli mexanizmlərin icrasında Təhsil Nazirliyinin institusional imkanlarının genişləndirilməsi layihənin hədəfi olaraq əsas götürülüb.
Layihə ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların idarəolunması üçün imkanların yaradılması, tədqiqatların dəstəklənməsi istiqamətində potensialın gücləndirilməsi və müasir doktorantura təhsil proqramlarının formalaşdırılması kimi komponentlərdən ibarət olub. Layihənin 21 fəaliyyət istiqaməti çərçivəsində 17 sənəd hazırlanıb, 9 təlim həyata keçirilib və 6 pilot universitetin iştirakı ilə universitet əlaqələndiriciləri şəbəkəsi qurulub. Ümumilikdə 167 iştirakçının qatıldığı təlim proqramı “Milli innovasiya iqtisadiyyatı və milli innovasiya sisteminə giriş”, “Maliyyələşdirmə sxeminin idarə edilməsi üzrə işçilərin təlimi”, “Tədqiqat, ixtira və innovasiyalar (Tİİ) çərçivəsində potensialın artırılması”, “Beynəlxalq maliyyələşdirmə təlimini dəstəkləmək üçün Tİİ bölməsinin potensialının inkişafı”, “Horizon 2020 təlimləri”, “COST fəaliyyəti ilə bağlı təlim”, “Açıq elm seminarları”, “Müasir doktorantura təhsili üçün təlimçilərin təlimi” mövzularını əhatə edib. Bundan əlavə, layihə çərçivəsində Təhsil İnstitutunda Təhsildə innovasiyalar şöbəsi yaradılıb, 2019-cu ildə layihə və institut əməkdaşlarının Polşaya səfəri təşkil olunub.
Sözügedən layihədə ölkəmizin ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyalar üçün milli koordinasiya modelinin təklif olunması məqsədilə üç dəstək mexanizmi, həmçinin ali məktəblərdə tədqiqat və ixtira fəaliyyətlərinin genişləndirilməsi məqsədilə akademik heyət üçün həvəsləndirici mexanizmlər, ali təhsil müəssisələri ilə sənaye və hökumət arasında əməkdaşlıq modeli də daxil olmaqla “Açıq innovasiya” konsepsiyası hazırlanıb. Bundan əlavə, tədqiqatçıların potensialının artırılması məqsədilə müasir doktorantura təhsil proqramı üçün təlimyönümlü yeni proqramı özündə əks etdirən strateji çərçivə, tədqiqat, ixtira və innovasiya bacarıqlarının inkişaf etdirilməsi və tətbiqi məqsədilə təlimçilər üçün proqram təşkil olunub. Daha sonra ingilis dilində beş e-kurs yaradılıb və sərbəst öyrənmə portalına yerləşdirilib. 330 nəfərin qeydiyyatdan keçdiyi e-kurslara tədqiqatın metodologiyası, təcrübələr və layihələr, verilənlərin toplanması, təhlili və idarə edilməsi, elmi işlərin yazılması və nəşri, əqli mülkiyyət hüquqlarının prinsipləri, texnoloji transfer və kommersiyalaşdırma, sahibkarlıq təhsili və startaplar aiddir. Qeyd edək ki, e-kurslar yaxın zamanda yenidən istifadəyə veriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər