BDU-da tədbir: Şanlı tarix salnaməsi

BDU-da tədbir: Şanlı tarix salnaməsi Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsində Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Aprel döyüşlərinə həsr edilmiş “Şanlı tarix salnaməsi” adlı onlayn tədbir keçirilib.
Tədbirdə şəhid ailələri - leytenant Sənan Məmmədlinin anası Rəsmiyyə Məmmədli, Şəhriyar Mirişlinin anası Mətanət Mirişli iştirak edib. Çıxışlarda qəlbən, ruhən Vətənə bağlı olan oğullarımızın hər zaman Azərbaycan uğrunda canlarından keçməyə hazır olduğu, şəhidlik zirvəsinə yüksəldiyi qeyd edilib.
Tədbirdə Aprel döyüşləri və İkinci Qarabağ müharibəsi iştirakçısı Hafiz Əhmədov çıxış edərək həyatın bütün mərhələlərində vətənpərvərlik duyğusunun vacib olduğunu vurğulayıb. Kitabxanaçılıq-informasiya fakültəsinin THİK sədr müavini Rahidə Qarayeva və 1-ci kurs tələbəsi Nərgiz Həşimzadə ulu babalarımızın əmanəti olan Vətənin, bu gün müasir müstəqil Azərbaycanın gələcək nəsillərə miras olduğunu nəzərə çatdırıblar.
Tədbir BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı vəzifəsini icra edən Ələmdar Bayramov, dekan müavini Mehmanəli Məmmədov və Biblioqrafiyaşünaslıq kafedrasının müdiri Nadir İsmayılovun çıxışları ilə yekunlaşıb.

Tehsil-press.az

Oxşar xəbərlər