UNEC-də distant təhsilin tədrisində yeniliklər tətbiq olunacaq

UNEC-də distant təhsilin tədrisində yeniliklər tətbiq olunacaq Distant dərslərin tədrisinin keyfiyyətinin daha da artırılması və təkmilləşdirilməsi istiqamətində Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təkliflər planı hazırlanıb.
Təkliflərin dinlənilməsi məqsədilə rektor Ədalət Muradovun rəhbərliyi və müvafiq struktur rəhbərlərinin iştirakı ilə iclas keçirilib.
Rektor bildirib ki, UNEC-də dünya təcrübəsini əsas tutaraq distant tədrisin təşkilində yeniliklər tətbiq olunacaq. Gələcəyin təhsili olan distant təhsildə keyfiyyət parametrlərinin önə çıxmalı olduğunu deyən rektor bunun üçün distant təhsilin tədrisi və qiymətləndirmə meyarlarının hazırlanmalı olduğunu vurğulayıb.
İclasda distant dərsləri tədris edən müəllimlərin bilik və bacarıqlarının artırılması, onların interaktiv tədris metodlarına daha dərindən yiyələnməsi məqsədilə dünyanın aparıcı universitetlərində çalışan azərbaycanlı alimlərin iştirakı ilə avqustun 31-dən sentyabrın 4-dək onlayn təlimlərin aparılacağı bildirilib. Həmçinin xarici dilin distant tədrisində yeni yanaşmaların tətbiqi məqsədilə ABŞ-ın aparıcı universitetlərində fəaliyyət göstərən 4 alimin iştirakı ilə sentyabrın 7-də beynəlxalq konfransın keçiriləcəyi diqqətə çatdırılıb.
Sonra müvafiq struktur rəhbərləri təqdimatlarla çıxış ediblər.
Təqdimatlarda distant dərslərin keyfiyyətli tədrisi məqsədilə dərslərin interaktiv qurulması, sillabusların simulyasiya xarakterli hazırlanması, sxemlərdən və modellərdən daha çox istifadə olunması, sərbəst işlərin qəbulu və qiymətləndirilməsinin təkmilləşdirilməsi barədə təkliflər səsləndirilib. Eləcə də tələbələrin distant dərslərdə daha fəal iştirakının təmin edilməsi məqsədilə motivasiyaedici üsulların tətbiqi, fənnin daha yaxşı və keyfiyyətli mənimsənilməsi, biliyin qiymətləndirilməsi barədə fikirlər bildirilib.
İclasda sinxron və asinxron distant təhsilin tətbiqindən də danışılıb. Bu istiqamətdə yeni qaydaların hazırlanmalı olduğu və asinxron təhsil alan tələbələrin təhsil haqlarının azaldılması məsələsinin mümkünlüyü bildirilib.
Rektor dizayn ixtisasının tədrisi ilə bağlı yeni yanaşmaların olacağını diqqətə çatdırıb. O, tələbələrin biliyinin distant qiymətləndirilməsi ilə bağlı interaktivlik baxımından da yeni yanaşmalara ehtiyac olduğunu qeyd edib. Yeni tədris ilindən UNEC-də distant tədrisin keyfiyyətində böyük dəyişikliklərin ediləcəyini deyən rektor ölkədə tətbiq olunacaq distant təhsil modelinin əsasının hazırlanmasında bu yeniliklərin mühüm rol oynayacağını bildirib.

Tehsil-press.az

Oxşar xəbərlər