Postpandemiya dövründə onlayn təhsilin təbliğinə dair təlim keçirilib

Postpandemiya dövründə onlayn təhsilin təbliğinə dair təlim keçirilib Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi, “Dostluq” Gənclərin Əlaqələndirmə Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə “Postpandemiya dövründə inklüziv cəmiyyətin inkişafı naminə onlayn təhsilin təbliği” layihəsi çərçivəsində növbəti distant təlim keçirilib.
Distant təlimdə aidiyyəti qurumların nümayəndələri, informasiya kommunikasiya texnologiyaları üzrə mütəxəssislər, regionlarda yaşayan və təhsil alan gənclər, mərkəzin üzvləri və könüllülər iştirak ediblər.
Təlimdə mərkəzin məsləhətçisi Yusif Ağayev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) informasiya kommunikasiya texnologiyaları sektorunun mütəxəssisi Atiq Əliyev, Əliyar Musayev, DİA-nın Vətənpərvərlər klubunun sədri İlahə Balakişiyeva, AGRO Konsultasiya Mərkəzi MMC-nin icraçı direktoru Rayaxanım Ağazadə, Bakı Mühəndislik Universitetinin tələbəsi Nuranə Canəliyeva və digərləri çıxış ediblər.
Qeyd edilib ki, ölkəmizdə yeni növ koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə mart ayının 3-dən bütün təhsil müəssisələrində tədris prosesi müvəqqəti dayandırılıb. Bu proses dünya ölkələrinin əksəriyyətini əhatə etdiyindən, UNESCO təhsildə yaranan fasilələri məhdudlaşdırmaq üçün distant təhsil proqramlarından istifadəni tövsiyə edib. Vətəndaş cəmiyyəti olaraq postpandemiya dövründə inklüziv cəmiyyətin inkişafını təmin etmək üçün təhsilin distant formada davam etdirilməsi zərurəti yaranıb. Bu forma təhsilin davamlılığı və təhsilalanların keyfiyyət göstəriciləri baxımından daha uyğundur və alternativi yoxdur.
Təlimdə çıxış edənlər postpandemiya dövründə onlayn təhsilin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, müasir tədris formalarından, həmçinin texnoloji avadanlıqlardan yararlanaraq bilik və bacarıqların əldə edilməsi zamanın tələblərindən biridir. Son illərdə gedən proseslər onu göstərir ki, dünya sürətlə dəyişməkdədir. Bu dəyişiklik bütün sahələrdə özünü göstərir. Risklər artmaqda, ölkələrarası rəqabət güclənməkdə, ali təhsillə əmək bazarı arasında ciddi dəyişikliklər baş verməkdədir.
Distant təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər