Astronomlar Yupiterin qeyri-adi təsvirlərini əldə ediblər

Astronomlar Yupiterin qeyri-adi təsvirlərini əldə ediblər Astronomlar “Hubble” teleskopunun və Havay adalarında “Gemini” rəsədxanasının köməyilə eyni vaxtda spektrin infraqırmızı, görünən və ultrabənövşəyi diapazonunda Yupiterin tam təsvirlərini əldə ediblər.
Bu təsvirlər alimlərə müxtəlif uzunluqlu dalğalarda müşahidələri müqayisə etməyə və qaz nəhənginin atmosferində əvvəllər görünməmiş detalları əldə etməyə imkan yaradıb. Şəkillər ABŞ Milli Optik-İnfraqırmızı Astronomiya Tədqiqat Laboratoriyasının (NOIRLab) saytında yerləşdirilib.
Hər üç müşahidə 2017-ci il yanvarın 11-də eyni vaxtda aparılıb. “Hubble” teleskopu öz kamerası ilə optik və ultrabənövşəyi dalğaları emal edib, infraqırmızı təsvir isə “Gemini” rəsədxanasında NIRI (Near-InfraRed Imager) qurğusu vasitəsilə əldə olunub. Nəticədə Yupiterin “üçqat” unikal şəkli - elektromaqnit spektrin ən geniş diapazonunu əhatə edən təsviri alınıb.
Çoxzonalı astronomiyanın üstünlüyü ondadır ki, planetlərin və digər astronomik obyektlərin müxtəlif uzunluqlu işıq dalğalarında sinxron müşahidə edilməsi alimlərə əks təqdirdə əlçatmaz olan parametrləri qiymətləndirməyə imkan verir. Məsələn, görünən işıq diapazonu Yupiterin atmosfer səthində detalları tanımağa imkan yaradır, lakin buludların qalınlığını başa düşməyə imkan yaratmır. İnfraqırmızı işıqda daha parlaq zolaqlar planetdən istilik enerjisini daha yaxşı ötürən zərif bulud təbəqələrini göstərir. Ultrabənövşəyi təsvir Yupiterin atmosferində zərrəciklərin hündürlüyünü və paylanmasını izləməyə kömək edir.
Böyük qırmızı ləkənin (Yupiterin atmosferində məşhur davalı qasırğa sistemidir, ölçüsünə görə Yerdən böyükdür) müşahidə edilməsi alimləri təəccübləndirib. Belə ki, görünən və ultrabənövşəyi işıqda parlaq olan bu ləkə infraqırmızıda demək olar yoxa çıxıb. Onun kiçik analoqu Oval BA infraqırmızı şəkildə heç görünmür. Əks istiqamətlərdə dövr edən bulud zolaqları isə hər üç təsvirdə aydın görünür.
Bu uyğunsuzluq ondan yaranır ki, müxtəlif strukturlar müxtəlif dalğa uzunluqları ilə aşkarlanır: infraqırmızı müşahidələr qalın buludlarla örtülmüş sahələri göstərir, görünən və ultrabənövşəyi şəkillər xromoforların (göy və ultrabənövşəyi işığı udan bu zərrəciklər Böyük qırmızı ləkəyə və Oval BA-ya xarakterik narıncı rəng verir) toplandığı yerləri aşkarlayır.
Şəkillərdən görünən digər atmosfer hadisəsi Yupiterin şimal yarımkürəsində saatda 72 kilometr sürətlə şərqdən qərbə uzanan xətti siklonik burulğandır. Görünən diapazonda siklon tünd qəhvəyi, infraqırmızı diapazonda parlaq zolaq, ultrabənövşəyi dalğalarda isə Böyük qırmızı ləkədən fərqli olaraq Şimal qütbünə yaxınlaşdıqda qalınlaşan stratosfer dumanının təbəqəsi altında çətinliklə görünür.
Bütün bu müşahidələr planetin atmosferi haqqında ətraflı təsəvvür yaradır.
Kaliforniya Universitetindən Mayk Vonqun rəhbərliyi ilə tədqiqatçılar, həmçinin NASA-nın “Yunona” avtomatik planetlərarası stansiyasının Yupiterin orbitindən göndərdiyi radiosiqnallarla əldə edilən təsvirləri birləşdiriblər. Bu radiosiqnallar Yupiterin atmosferində şimşəyin olduğu yeri təyin edir.
Alimlərin fikrincə, bütün növ məlumatların birgə analizi onlara planetin atmosferində buludların quruluşunu ətraflı öyrənməyə və böyük qasırğaların yaranma prosesini daha yaxşı başa düşməyə kömək edəcək.

Tehsil-press.az


Oxşar xəbərlər