BDU-da konfrans: Nizami yaradıcılığı dünya mədəniyyəti kontekstində

BDU-da konfrans: Nizami yaradıcılığı dünya mədəniyyəti kontekstində Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakültəsinin birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi İli” çərçivəsində “Nizami yaradıcılığı dünya mədəniyyəti kontekstində” adlı onlayn konfrans keçirilib.
Giriş sözü ilə çıxış edən hər iki ali təhsil müəssisəsinin fakültə dekanları - dosent Elçin Məmmədov və professor Gülzar Mahmudova Nizami Gəncəvinin zəngin və çoxşaxəli yaradıcılıq yolundan danışıb, bu cür tədbirlərin təşkilinin gənclər üçün əhəmiyyətini vurğulayaraq birgə fəaliyyəti yüksək qiymətləndiriblər.
Sonra Bakı Musiqi Akademiyasının əməkdaşları - Humanitar elmlər kafedrasının müdiri, professor Tərlan Quliyev “Nizami poemalarının vəzni”, Musiqi nəzəriyyəsi kafedrasının müdiri, professor Könül Nəsirova “Nizami irsi Azərbaycan bəstəkar musiqisi kontekstində: açılmayan səhifələr”, Musiqi nəzəriyyəsi kafedrasının professoru Aytac Rəhimova “Nizami dövründə incəsənətin qarşılıqlı əlaqəsi”, Bakı Dövlət Universitetinin əməkdaşları - Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova “Nizami Gəncəvi yaradıcılığında folklor”, Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Sevinc Qocayeva “Xəmsə” - milli-mənəvi dəyərlər kontekstində” və Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının doktorantı Aynurə Qurban “Fərhad və Şirin” poemasının Amasiya dalğası” mövzusunda məruzələrlə çıxış ediblər.
Məruzələrdə Nizami Gəncəvi şeirlərinin vəzn məsələlərindən və tərcümə zamanı bu istiqamətdə qarşıya çıxan problemlərdən, ədibin əsərlərində milli-mənəvi dəyərlər fonunda öz əksini tapan rəqəmlər, rənglər və obrazlardan, folklor motivlərindən və şairin folklor örnəyinə çevrilmiş hikmət xəzinəsindən, Nizami əsərlərinə bəstələnmiş musiqilərdən, dahi sənətkarın yaradıcılığının incəsənət nümunələrində əks olunmasından bəhs olunub, Nizami Gəncəvi irsinin zənginliyi, milli-mədəni və bəşəri dəyərlərin təbliğindəki rolu ətraflı şəkildə təhlil edilib.
Sonda hər iki ali təhsil müəssisəsinin kafedra müdirləri, professorlar Səhər Orucova və Könül Nəsirova bu əməkdaşlığın möhkəmləndirilməsini zəruri hesab edərək, gələcəkdə belə tədbirlərin mütəmadi təşkil olunmasını arzulayıblar.
Tədbirdə Nizami Gəncəvinin sözlərinə həsr olunmuş kompozisiyalar və təqdimatlar nümayiş etdirilib.

Tehsil-press.az


Oxşar xəbərlər