Bakı Slavyan Universiteti “Türk dünyası rəqəmsal vətəndaşlığı” layihəsinə qoşulub

Bakı Slavyan Universiteti “Türk dünyası rəqəmsal vətəndaşlığı” layihəsinə qoşulub Türk dünyası universitetlərinin “Türk dünyası rəqəmsal vətəndaşlığı” layihəsinin əməkdaşlıq protokolunun imzalanma mərasimi keçirilib. Layihəyə türk dünyasından 60-a yaxın universitet qoşulub.
BSU bu layihəyə ilk imza atanlardan biri olub. Protokolun imzalanma tədbirində BSU-nun rektoru, professor Nurlana Əliyeva və tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov iştirak ediblər.
Tədbirə ev sahibliyi edən Qırğızıstan –Türkiyə Manas Universitetinin rektoru, professor Alpaslan Ceylan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın “ailə məclisi” ifadəsini vurğulayaraq, türk dünyası universitetləri rektorlarının dəyərli üzvlər olduğunu və bu üzvlərin sözügedən layihədə görüşlərinin davamlı olacağını bildirib.
Layihənin koordinatoru, dosent Oqtay Özgül layihəyə imza atmış universitetlərdə hər zaman tədris olunacaq dərslərin məsafədən keçiriləcəyini vurğulayıb. Diqqətə çatdırıb ki, layihədə professor-müəllim heyəti, tələbələr, magistrantlar iştirak edəcəklər. Qaydalara görə, bacarıqlı, savadlı müəllim-tələbə heyəti arasından seçilənlər bilik düşərgələrinə göndəriləcək.
Layihənin tələblərinə görə, tədbirdə iştirak etmiş universitetlərin rektorları bir neçə aydan sonra Türkiyədə bir araya gələcəklər. Bu toplantı layihəyə imza atmış universitetlərin yerləşdiyi məkanlarla tanışlıq xarakteri daşıyacaq, habelə davamlı əməkdaşlıq əlaqələri həyata keçiriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər