Bakı Xoreoqrafiya Akademiyasında konfrans: Azərbaycan incəsənətinin inkişafında qadın sənətkarlarımızın rolu

Bakı Xoreoqrafiya Akademiyasında konfrans: Azərbaycan incəsənətinin inkişafında qadın sənətkarlarımızın rolu Bakı Xoreoqrafiya Akademiyasında (BXA) İctimai fənlər və Sənətşünaslıq kafedralarının birgə təşkilatçılığı ilə 28 May - Respublika Gününə həsr edilmiş “Azərbaycan incəsənətinin inkişafında qadın sənətkarlarımızın rolu” mövzusunda videokonfrans keçirilib.
Konfransda Azərbaycan incəsənətinin inkişafında və onun dünya miqyasında tanınmasında ölkəmizin ziyalı, vətənpərvər, qəhrəman, zəhmətkeş xanımlarının danılmaz rolu qeyd olunub. Vurğulanıb ki, Azərbaycanda qadınlar ölkə tarixinin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həllinə töhfə verməklə yanaşı, elmin müxtəlif sahələrində böyük nailiyyətlər əldə edərək, milli mədəniyyətimizin inkişafında silinməz iz qoyublar. Buna görə də Azərbaycan qadınlarının bir çoxunun adı çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə həkk olunub.
Konfransda iştirak edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Rafik Sadıxov “Azərbaycan teatrında Xalq artisti Nəcibə Məlikova fenomeni”, kulturologiya üzrə fəlsəfə doktoru, Əməkdar müəllim Hicran Sadıqzadə “Gənclərin milli-mənəvi dəyərlərinin inkişafında muzeylərin rolu”, BXA-nın elmi katibi, kulturologiya üzrə fəlsəfə doktoru Yeganə Əliyeva “Böyük qayıdış: mədəniyyətlərarası dialoqun Azərbaycan modeli”, Sənətşünaslıq kafedrasının müəllimi Sevinc Əliyeva “Xalq rəssamı Maral Rəhmanzadənin yaradıcılığında qadın obrazları”, Klassik rəqs kafedrasının müəllimi Emil Əzizov “Rəfiqə Axundova yaradıcılığında Azərbaycan klassik baletinin varislik ənənələri” və BXA-nın II kurs magistr tələbəsi Yeganə İsazadə “Rus və Avropa dramaturqlarının əsərləri Xalq artisti, rejissor Cənnət Səlimovanın quruluşunda” mövzularında məruzələrlə çıxış ediblər.
Konfransın sonunda çıxış edən İctimai fənlər kafedrasının müdiri, Əməkdar incəsənət xadimi Maral Manafova bildirib ki, tərəqqi yolunda inamla addımlayan, bir sıra ilklərə imza atan xanımlarımız hər zaman yüksək zəka, istedad və bacarığa sahib olmaları ilə seçiliblər. Ona görə də Azərbaycan xanımının atdığı hər bir addım gənc nəsil üçün bir örnəkdir.

Tehsil-press.az


Oxşar xəbərlər