BDU-da “EBSCOhost platformasında interaktiv axtarış” mövzusunda ilk onlayn təlim-seminar

BDU-da “EBSCOhost platformasında interaktiv axtarış” mövzusunda ilk onlayn təlim-seminar Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanası Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (Az.KİK) çərçivəsində BDU-nun professor-müəllim heyəti və gənc tədqiqatçıların iştirakı ilə “EBSCOhost platformasında interaktiv axtarış” mövzusunda ilk onlayn təlim-seminar keçirib.
BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Mais Süleymanov çıxış edərək ali təhsil ocağında elmi fəaliyyətin təşkilində rəqəmsal informasiya sistemlərinin, xüsusilə də pandemiya dövründə rəqəmsal kitabxanaların vacibliyindən söz açıb. Elmi araşdırmalar zamanı EBSCO platformasında 9 mindən çox elmi jurnaldan maneəsiz istifadənin tədqiqatçılar üçün böyük imkan olduğunu vurğulayıb.
Elmi Kitabxananın direktoru Nigar İsmayılova çıxış edərək "Az.KİK"in yaranması, fəaliyyəti, üzvləri, beynəlxalq əlaqələri və planları barədə danışıb, beynəlxalq EİFL konsorsiumunun üzvü kimi elektron mənbələrə endirimli qiymətlərlə abunənin və elektron informasiyaya əlyetərliliyin təmin olunması haqqında geniş məlumat təqdim edib.
Təlim-seminarda “EİFL.net” üzrə milli əlaqələndirici, EBSCO-nun Azərbaycan üzrə təmsilçisi Cəmilə Yusifova və açıq resurslar və lisenziyalaşdırma üzrə əlaqələndirici İltifat İbrahimov təqdimatla çıxış edərək, elmi araşdırmalar zamanı EBSCOhost platformasında interaktiv axtarış, elektron resurslardan, tammətnli məqalələrdən istifadə imkanları, beynəlxalq nəşriyyatlarda elmi məqalələrin nəşri üçün jurnal seçimi, “open access” jurnallarda məqalə dərcinə endirimli qiymətlər haqqında ətraflı məlumat veriblər.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər