Yaponiya Fondu Azərbaycan Dillər Universitetinə kitablar hədiyyə edib

Yaponiya Fondu Azərbaycan Dillər Universitetinə kitablar hədiyyə edib Azərbaycan Dillər Universitetinin (ADU) Yaponiya Araşdırmalar Mərkəzinə Yaponiya Fondu (The Nippon Foundation) tərəfindən kitablar hədiyyə olunub.
ADU-nun rektoru, akademik Kamal Abdulla iki ölkə arasında əlaqələrin günü-gündən dərinləşdiyini, Azərbaycanda Yaponiyaya, onun dilinə, mədəniyyətinə marağın artdığını qeyd edib. Bildirib ki, bu marağı nəzərə alaraq ADU-da yaponşünaslıq ixtisasının tədrisinin daha da genişləndirilməsi və Yaponiya Araşdırmalar Mərkəzinin yeni məkana köçürülməsi nəzərdə tutulur.
Rektor vurğulayıb ki, rəhbərlik etdiyi universitetdə yapon dilinin, mədəniyyətinin, tarixinin, siyasətinin tədrisi, mərkəzin fəaliyyət göstərməsi Yaponiyanın Azərbaycanda təbliğində mühüm rol oynayır. “İstərdik ki, analoji olaraq Azərbaycan da Yaponiyada təbliğ olunsun. Yaponiyanın universitetlərində də Azərbaycan mərkəzlərinin yaradılmasını arzu edərdik. Bu həm də Azərbaycan və Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə töhfə olar”, - deyə akademik Kamal Abdulla qeyd edib.
Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada diqqətə çatdırıb ki, 2022-ci il Azərbaycan və Yaponiya arasında “Dostluq ili” elan olunub. “Dostluq ili” çərçivəsində ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi və inkişaf etdirilməsinə istiqamətlənən tədbirlər təşkil olunacaq. Azərbaycan haqqında məlumatlılığın artırılması məqsədilə Yaponiyada “Azərbaycan evi” açılacaq. İnanıram ki, bu, Yaponiyada Azərbaycana olan marağı daha da artıracaq.
Universitetin Yaponiya Araşdırmalar Mərkəzinin direktoru Yaşar İbrahimov məlumat verib ki, ADU-nun kitabxanasında yapon dilində 2500-ə yaxın resurs var. Tədbir çərçivəsində isə mərkəzə Yaponiya haqqında 69 kitab hədiyyə olunub.
Digər çıxış edənlər Yaponiya universitetləri ilə ADU arasında əməkdaşlıq əlaqələri qurulduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, ikili diplom proqramları, tələbə mübadiləsi aparılır. Bu əməkdaşlıqlar iki ölkə arasındakı diplomatik münasibətlərə də töhfə verir.
Tədbirdə Yaponiya Fondunun sədri Yohei Sasakavanın məktubu oxunub. Məktubda qeyd olunub ki, fond “Read Japan Project” (Oxuyaq Yaponiya layihəsi) çərçivəsində kitabların köməyi ilə Yaponiyanın təbliği məqsədilə 2008-ci ildən etibarən ingilis dilində Yaponiya haqqında yazılmış kitabları ianə etməklə məşğuldur. Bu vaxta qədər 138 ölkə və regiona, 1066 kitabxana və araşdırma mərkəzinə 65 mindən çox kitab bağışlayıb.
Məktubda diqqətə çatdırılıb ki, Yaponiya Fondu 2005-ci ildən etibarən Orta Asiyanın altı ölkəsindən Türkiyədəki universitetlərdə və magistraturada oxuyan təxminən 300 təqaüdçü tələbəni dəstəkləyib. Bunlardan 56 nəfəri Azərbaycan vətəndaşıdır. Onlar Yaponiya Mərkəzi Asiya Dostluq Assosiasiyasının üzvləri olaraq, indi də Orta Asiya ilə Yaponiya arasında dostluq əlaqələrini dərinləşdirmək üçün fəaliyyət göstərirlər. Sədrin məktubunda Azərbaycan Dillər Universitetində yaponşünaslıq ixtisasının ən yüksək səviyyədə tədris edildiyi vurğulanıb.
Sonda ADU-nun rektoru, akademik Kamal Abdulla Yaponiyanın Azərbaycandakı səfirinə özünün yapon dilində çap olunmuş kitablarını, Alman türkoloqu Henrix Fridrix fon Ditsin 1815-ci ildə ilk dəfə aşkara çıxardığı, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı və Kamal Abdullanın baş redaktorluğu ilə 26 dildə nəşr olunan “Kitabi-Dədə Qorqud”. Basat Təpəgözü öldürdüyü boyu bəyan edər” kitabının yapon dilində nüsxəsini və hədiyyələr təqdim edib.

Tehsil-press.az



Oxşar xəbərlər