ADU-da Yaponiya İmperatorunun doğum gününə həsr olunan tədbir keçirilib

ADU-da Yaponiya İmperatorunun doğum gününə həsr olunan tədbir keçirilib Noyabrın 28-də Azərbaycan Dillər Universitetinin (ADU) Yapon mərkəzinin təşkilatçılığı ilə Yaponiya İmperatoru Əlahəzrət Akihitonun doğum gününə həsr olunan tədbir keçirilib. Tədbirin məqsədi yapon mədəniyyətinə aid nümunələrin təqdimatını keçirmək idi.
Tədbirdə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi, YAP Nəsimi rayon təşkilatının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məlahət İbrahimqızı, ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev, ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev, Xarici dillər kafedrasının müdiri, dosent Salman Nuriyev iştirak edib.
Tədbir çərçivəsində ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin yaponşünaslıq ixtisası üzrə təhsil alan tələbələri müxtəlif yapon mədəniyyəti nümunələri nümayiş etdiriblər, o cümlədən milli rəqs və mahnı ifa ediblər, yapon xalq nağılı “E suqata no onna” nağılını səhnələşdiriblər. Bununla yanaşı tədbirdə tələbələr tərəfindən çay mərasimi, oriqami sərgisi və ikebana da təqdim olunub.
Səfiri salamlayan ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev onu universitetdə görməkdən məmnunluğunu dilə gətirib. O, ölkələrimiz arasında mövcud olan əlaqələrin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Yapon mərkəzinin rəhbəri Yaşar İbrahimov tədbirdə iştirak edən hər kəsə öz minnətdarlığını bildirib. O, iştirakçılara Yapon mərkəzinin fəaliyyəti, eləcə də yapon dilinin tədris olunması haqqında məlumat verib. Y.İbrahimov Yaponiya səfirliyinin mərkəzə daim dəstək olduğunu söyləyib.
ADU-da ilk dəfə olan Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi məmnunluğunu dilə gətirib. Yaponiya imperatorunun doğum gününə həsr olunan tədbirin Dillər Universitetində keçirilməsini yüksək qiymətləndirib. O, səfirliyin bundan sonra da mərkəzə dəstək olacağını sözlərinə əlavə edib. Səfir, həmçinin tələbələrin işini yüksək qiymətləndirib.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı Azərbaycan və Yaponiya arasında əlaqələrin tarixi köklərə söykəndiyini bildirib. Hər iki ölkənin Şərq dəyərlərinin daşıyıcısı olduğunu söyləyən millət vəkili Yaponiyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu qeyd edib. O, çıxışında Ümummilli lider Heydər Əliyevin Yaponiyaya səfərini xatırladaraq bu səfərin ikitərəfli əlaqələrin inkişafında rolundan bəhs edib, mövcud olan əlaqələrin daha da möhkəmlənəcəyinə və inkişafına inamını ifadə edib.

ADU-nun Mətbuat Xidməti


ADU-da Yaponiya İmperatorunun doğum gününə həsr olunan tədbir keçirilibADU-da Yaponiya İmperatorunun doğum gününə həsr olunan tədbir keçirilibADU-da Yaponiya İmperatorunun doğum gününə həsr olunan tədbir keçirilib

Oxşar xəbərlər