Çin “Şencou-12” missiyasında iştirak edəcək kosmonavtları müəyyənləşdirib

Çin “Şencou-12” missiyasında iştirak edəcək kosmonavtları müəyyənləşdirib Çinin “Şencou-12” (“Shenzhou-12”) kosmik missiyasında iştirak edəcək əsas və ehtiyat kosmonavtlar müəyyənləşib.
İyunun 17-də kosmosa göndərilməsi nəzərdə tutulan “Şencou-12” kosmik gəmisində Nie Hayşen, Liu Bomin və Tan Honbo iştirak edəcəklər. Cay Ciqan, Van Yapin və Ye Quanfu ehtiyat heyət kimi seçilib.
Çin Kosmos Agentliyinin açıqlamasına əsasən, kosmonavtlar Çinin kosmik stansiyasının quraşdırılması üçün ilk insan missiyanı həyata keçirəcəklər. Onlar kosmik stansiyada işləyəcək kosmonavtların orbitdə qalması, kosmik ehtiyatların artırılması, gəmi xaricində əməliyyatların təşkili üçün texniki xidmətlərin yoxlanılması kimi bir çox vəzifələri yerinə yetirəcək.
Bildirilir ki, heyətin kapitanı olan Nie Hayşen 2 dəfə, Liu Bomin bir dəfə kosmosa uçuş edib. Tan Honbo isə ilk dəfə kosmosa uçacaq.
Qeyd edək ki, Çinin kosmos proqramının vacib mərhələsi olan kosmos stansiyasının quraşdırılması üçün “Tianhe” adlı əsas modul və “Tiancou-2” yük modulu artıq orbitə çıxarılıb və onlar orbitdə birləşiblər.
“Şencou-12” kosmik gəmisi orbitdə “Tianhe” ilə birləşdirdikdən sonra kosmonavtlar modula keçərək fəaliyyətə başlayacaqlar. Kosmonavtların 3 aylıq fəaliyyətdən sonra xüsusi kapsulda “Donfen” eniş meydançasına enmələri nəzərdə tutulub.
İdarəetmə mərkəzi, heyətin yaşayış yeri və 2 laboratoriya kapsullarından ibarət olacaq stansiyanın ümumi çəkisi 70 ton olacaq. Quraşdırılması gələn ilin sonuna başa çatacaq kosmik stansiya aşağı Yer orbitində, təxminən 340-450 kilometr yüksəklikdə 10-15 il fəaliyyət göstərəcək. Stansiyanın quraşdırılması üçün 11 missiya həyata keçiriləcək ki, bunların 3-ü stansiyanın modullarının, 4-ü yük gəmilərinin və 4-ü isə kosmonavtların uçuşu üçün nəzərdə tutulub.

Tehsil-press.az


Oxşar xəbərlər