Son on altı ildə məzunların sayı 35,14 faiz azalıb

Son on altı ildə məzunların sayı 35,14 faiz azalıb Son on altı ildə məzunların sayı 43266 nəfər azalıb. Bu meyil artıq bir neçə ildir ki, müşahidə olunur.
Son on altı ildə məzunların sayı 35,14 faiz azalıb. Bu, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edənlərin sayında da özünü göstərir. Ötən illə müqayisədə məzunların sayı 189 nəfər azalıb. Bununla belə qeyd etmək lazımdır ki, cari ili nəzərə almasaq, son illər sənəd verənlərin tərkibində cari ilin məzunlarının payı azalmayıb, əksinə artıb. Bu il isə sənəd verənlərin tərkibində cari ilin məzunlarının payı ötən ilə nisbətən təxminən 7 faiz azalsa da, məzunların mütləq sayı artıb. Belə ki, builki məzunlar cari ildə sənəd verənlərin 80,52 faizini (65473 nəfər) təşkil edib, lakin ötən illə müqayisədə ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə verən cari ilin məzunlarının sayı 4217 nəfər artıb. Bunun da əsas səbəbi 2020-ci ildə ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə verən abituriyentlərin içərisində əvvəlki illərin məzunlarının sayının kəskin şəkildə artmasıdır. Nəticədə, ərizə verən abituriyentlərin içərisində cari il məzunlarının payı ötən illə müqayisədə azalıb.
Müqayisə üçün bildirək ki, 2010-cu ildə ali təhsil müəssisələrinə sənəd verənlər arasında həmin ilin məzunlarının payı 55,63, 2011-ci ildə 58,39, 2012-ci ildə 58,84, 2013-cü ildə 60,66, 2014-cü ildə 64,05, 2015-ci ildə 66,04, 2016-cı ildə 68,31, 2017-ci ildə 75,83, 2018-ci ildə 77,86 və 2019-cu ildə 87,54 faiz olub. Göründüyü kimi, 2010-cu ildən etibarən sənəd verənlərin arasında əvvəlki illərin məzunlarının payı getdikcə azalıb, cari illərin məzunlarının payı isə artıb. Bunun əsas səbəbi hər il ali təhsil müəssisələrinə qəbul üçün ayrılan plan yerlərinin ciddi şəkildə artırılması və nəticədə qəbul olanların sayı artdıqca, növbəti il üçün əvvəlki illərin məzunları arasında qalığın, yəni qəbul olmayanların azalmasıdır.

Tehsil-press.az


Oxşar xəbərlər