UNEC-in Zaqatala filialında “Məzun günü”

UNEC-in Zaqatala filialında “Məzun günü” Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında “Məzun günü” keçirilib.
Onlayn formatda keçirilən tədbirdə Zaqatala filialının direktoru, professor Orucəli Rzayev 2020/2021-ci tədris ilində filialdan 108 tələbənin məzun olduğunu qeyd edib. O.Rzayev məzunların əldə etdikləri bilik və təcrübə sayəsində dövrün tələblərinə uyğun, yüksəkixtisaslı mütəxəssis kimi ölkənin inkişafına öz töhfələrini verəcəklərinə əminliyini bildirib.
UNEC-in İqtisadiyyat fakültəsinin dekanı, dosent Asiman Quliyev rektor professor Ədalət Muradovun məzunlara ünvanladığı təbriki səsləndirib.
Sonra Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Süleymanova, filialın direktor müavini, dosent Həqiqət Qədimova və digərləri çıxış edərək məzunlara vətəninə, xalqına layiqli övlad olmağı tövsiyə ediblər.
Məzunlar dəyərli müəllimlərinə təşəkkürlərini bildiriblər, əldə etdikləri biliklərlə ölkəyə layiqincə xidmət edəcəklərini diqqətə çatdırıblar.
Tədbirdə filialı yüksək göstəricilərlə bitirən, magistratura pilləsinə qəbul olan və filialın ictimai həyatında fəal iştirak edən bir qrup məzun fəxri fərmanla təltif olunub.
Sonda məzunların filial haqqında təəssüratlarını əks etdirən videoçarx nümayiş olunub.

Tehsil-press.az


Oxşar xəbərlər