Azərbaycan İlahiyyat İnstitutu və Pakistan Müsəlman İnstitutu “İslamda mötədillik konsepsiyası” mövzusunda vebinar təşkil edib

Azərbaycan İlahiyyat İnstitutu və Pakistan Müsəlman İnstitutu “İslamda mötədillik konsepsiyası” mövzusunda vebinar təşkil edib Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) ilə Pakistan Müsəlman İnstitutu arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində “İslamda mötədillik konsepsiyası” mövzusunda vebinar təşkil olunub.
Onlayn tədbirdə çıxış edən Pakistan Müsəlman İnstitutunun rektoru Sultan Ahmed Sahibzada Azərbaycan İlahiyyat İnstitutu ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Aİİ rektoru, fəlsəfə üzrə fəlsəfə doktoru Aqil Şirinov yalnız başqa mədəniyyətlərlə hesablaşan və onların nailiyyətlərindən istifadə edən mədəniyyətlərin inkişaf edə biləcəyini deyib. İslam mədəniyyətinin başqa mədəniyyətlərə eksklüziv deyil, inklüziv yanaşdığını qeyd edən A.Şirinov bildirib ki, İslam yarandığı dövrdən digər mədəniyyətlərin uğuruna biganə qalmayıb, onların nailiyyətlərindən istifadə etməyə çalışıb.
İslamın birgəyaşayış anlayışından söhbət açan rektor deyib ki, fərqliliyimiz birlikdə yaşamağımıza maneə deyil: “Əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan Azərbaycan tarixən islam birgəyaşayış ənənəsinin yaşandığı ən gözəl nümunələrdən biri olmuşdur”, – deyə o, qeyd edib.
A.Şirinov mövcud vəziyyətin analizi və problemlərin həll yolları haqqında bəhs edib: “Qlobal bir kəndə çevrilmiş dünyamız tarixin heç bir dövründə olmadığı qədər bu gün mədəniyyətlərin ittifaqına və birgəyaşayış ənənəsinin inkişaf etdirilməsinə möhtacdır. Çox təəssüf ki, müasir dünyamızda bu ənənəni təhdid edən ünsürlər az deyildir. Bunun qarşısını almaq üçün İslamın ənənəvi ümumbəşəri dəyərlərinin modern insanın düşüncəsinə xitab edəcək şəkildə təqdim və təbliğ olunması böyük əhəmiyyət kəsb edir. Müsəlman teoloqlarının və din xadimlərinin üzərinə bu baxımdan böyük öhdəlik düşür”.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov “Ölçülmüş və balanslaşdırılmış olmağın cəmiyyətə təsiri” mövzusunda məruzə ilə çıxış edib. Qeyd edilib ki, münasibətlərin balanslaşdırılmasında qəbuletmə, razılaşma, dözüm və səbir kimi insani fəaliyyət və keyfiyyətlər geniş şəkildə cəmləşir. Balanslaşdırılmış vəziyyətlərin təmin edilməsi həm də cəmiyyət üzvlərinin düşüncə tərzlərinin nisbi bərabərləşməsindən asılı olur.
İlahiyyat fakültəsinin dekanı Elnurə Əzizova vebinarda “İslam mötədilliyinin dinamikliyi: dini mətn, tarix və təcrübə” mövzusunda məruzə edib.
E.Əzizova məruzəsində dini ekstremizm zəminində son onilliklərin aktual mövzularından birinə çevrilən, həmçinin İslam dünyasında bir çox eyniadlı tədqiqat qurumlarının açılmasına səbəb olan mötədillik mövzusunun Qurani-Kərimdə və Məhəmməd peyğəmbərin hədislərindəki əsaslarından bəhs edib. Məruzəçi, həmçinin ondördəsrlik İslam mədəniyyətindən nümunələr gətirərək, mötədilliyin İslam cəmiyyətlərinin sosial, iqtisadi, hüquqi və dini həyatındakı rolunu vurğulayıb. O, Azərbaycanın nümunəsində, nəzəri əsasları İslamın müqəddəs kitabında və Peyğəmbərin sünnəsində əks olunmuş mötədilliyin müsəlman cəmiyyətlərinin həyat tərzindəki təzahüründən bəhs edib.
Dinşünaslıq kafedrasının müdiri, dosent Anar Qafarov məruzəsində mötədillik anlayışını birgəyaşayış nümunəsində müzakirə edib. Məruzəçi cəmiyyətdə mötədilliyin dəyər olaraq öyrənildiyini və onun yaşanan bir amil olduğunu vurğulayaraq, bu səpkili elmi-ictimai, mənəvi və siyasi tədbirlərin əhəmiyyətli olduğunu diqqətə çatdırıb. Azərbaycanın bu istiqamətdə müsəlman ölkələrinə nümunə olduğunu qeyd edən A.Qafarov ölkəmizdə mötədillik və tolerantlığın hüquqi, mədəni, ədəbi və dini əsaslarından danışıb.
Vebinarda Pakistan Müsəlman İnstitutunun məsul şəxslərinin və müvafiq sahə üzrə alim və mütəxəssisləri – Ravalpindi Qızlar Universitetinin sabiq rektoru, professor Aalia Sohail Khan, Pakistanın Çin və Belçikadakı sabiq səfiri Naghmana Hashmi, NUST Sülh və Konflikt İnstitutunun sabiq müdiri Shahid Ahmed Hashmatın müxtəlif mövzularda çıxışları dinlənilib.
Sonra müzakirələr aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər