Multikultural və dinlərarası dialoqda dini kimlik: Azərbaycan və Belçika modeli mövzusunda müzakirələr aparılıb

Multikultural və dinlərarası dialoqda dini kimlik: Azərbaycan və Belçika modeli mövzusunda müzakirələr aparılıb Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Brüssel Protestant İlahiyyatı və Dini Tədqiqatlar fakültəsinin birgə təşkilatçılığı ilə “Multikultural və dinlərarası dialoqda dini kimlik: Azərbaycan və Belçika modeli” mövzusunda videokonfrans keçirilib.
Konfransı açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov çağdaş dünyamızda dini dözümlülüyün mövcudluğunun çox mühüm amil olduğunu, bu cür görüşlərin təşkilinin vacibliyini qeyd edib. O, məruzəsində Azərbaycanda birgəyaşayış modelinin beynəlxalq təhlükəsizliyə verdiyi töhfələrdən ətraflı danışıb.
Belçika Krallığında fəaliyyət göstərən Brüssel Protestant İlahiyyatı və Dini Tədqiqatlar fakültəsinin dekanı professor Yohan Temmerman videokonfrans tədbirin mövcud əlaqələrin genişləndirilməsində və qarşılıqlı münasibətlərin formalaşmasında əhəmiyyətini vurğulayıb.
Videokonfransda Brüssel Protestant İlahiyyatı və Dini Tədqiqatlar fakültəsinin eksperti və məruzəçisi professor L.J.Parlevlietin dini təhsilin əhəmiyyəti mövzusunda məruzəsi dinlənilib.
Tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov Azərbaycan tolerantlığının sosial-tarixi və teoloji əsaslarından bəhs edən məruzə ilə çıxış edib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov çıxışında Azərbaycanda həyata keçirilən multikulturalizm siyasətindən bəhs edərək, mədəniyyətlərarası və dinlərarası dialoq platformasının əhəmiyyətini diqqətə çatdırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Xarici əlaqələr şöbəsinin müdiri Əli Həziyev, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov, Aİİ-nin Xarici əlaqələr üzrə baş mütəxəssisi Şahin Ələsgərov da məruzələrini təqdim ediblər.
Konfransda Azərbaycan və Belçika modelləri başda olmaqla, tolerantlıq və multikulturalizmin müxtəlif modellərinin dərindən araşdırılması, bəşəri dəyərlər sisteminin daha da zənginləşdirilməsinə töhfə verəcək təcrübələrin sistemləşdirilməsi məqsədilə işçi platformanın yaradılması təklif edilib. Qeyd olunan istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsi ilə bağlı konkret mexanizmin akademik səviyyədə işlənilməsinin zəruriliyi vurğulanıb. İrqçilik, radikalizm, ksenofobiya, islamofobiya, diskriminasiya və dini dözümsüzlük əleyhinə, həmçinin mədəniyyətlərarası, dinlərarası dialoqun inkişaf etdirilməsinə dair müştərək seminar, dəyirmi masa və konfransların təşkili imkanları müzakirə olunub.
Sözügedən məsələlərin araşdırılması məqsədilə hər iki ali təhsil müəssisəsinin müvafiq sahə üzrə alim və mütəxəssislərindən ibarət işçi qrupunun yaradılması prioritet məsələ kimi razılaşdırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər