BDU məzunlarının doğma təhsil müəssisəsi haqqında təəssüratları

BDU məzunlarının doğma təhsil müəssisəsi haqqında təəssüratları Bu il Bakı Dövlət Universitetindən (BDU) 5 min 463 tələbə və magistrant məzun olur. “BDU məzunu” adını qazanan tələbələrdən bir neçəsinin təəssüratları öyrənilib.
Gənc mütəxəssislər doğma BDU-da əldə etdikləri biliklərdən, universitetlə bağlı xatirələrindən danışıblar.
Məzunların ürək sözlərini, fikirlərini təqdim edirik:
BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin məzunu Nərmin Babayeva: “Azərbaycanın ən böyük universitetində təhsil almağa başlamaq və ən əsası təhsilini ingilis dilində almaq məni çox həyəcanlandırmışdı. Əvvəllər tələbəsi olmaq arzusu ilə önündən baxa-baxa keçdiyim universitetə qəbul olunmaq, burada təhsil almaq, həqiqətən gözəl hissdir...
İllər həqiqətən tez keçdi, artıq doğma universitetin məzunu kimi bu sözləri demək insanı gələcək məsuliyyətə hazırlayır. İlk dəfə birinci kursda imtahandan kəsiləndə keçirdiyim hissləri indi də xatırlayıram. Növbəti kurslarda həvəslə oxuyaraq əlaçı olmağın sevincini izah edə bilmərəm. Yuxusuz gecələri, imtahan qayğılarını, mehriban müəllimləri, qrup yoldaşlarımı, öyrəndiyim məsləhətləri heç vaxt unutmayacam. Nə yaxşı ki, Bakı Dövlət Universitetinin tələbəsi və artıq məzunuyam”.
Ekologiya və torpaqşünaslıq fakültəsinin məzunu Gültac Nağızadə: “14 ixtisas seçimi olmasına baxmayaraq, sadəcə, bir seçim haqqımdan istifadə edib Bakı Dövlət Universitetini yazmışdım və qəbul oldum. Sevincimin həddi-hüdudu yox idi. Amma bu sevinclə yanaşı həyəcanlanmışdım. Necə olacaqdı, necə oxuyacaqdım, tam fərqli imtahan sistemi məni həyəcanlandırırdı.
Bəlkə də bu ali məktəb olmasaydı, mən indi tamamilə başqa, heç həvəsli olmadığım bir sahəni seçmişdim… Amma indi hər qarışını, hər otağını əzbər bildiyim, hər dərsində hər müəllimlə bir xatirə qazandığım, mənə həyatdakı çətinlikləri necə dəf edəcəyimi öyrədən universitetdən məzun oluram. İlk gündən tələbələrin sosial həyatını rəngarəng edən tələbə təşkilatlarına qoşulmuşdum. Debat klubu, Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyətində xeyli yeni dostlarla tanış oldum. Universitetdə insanlığı ilə seçilən o qədər gözəl müəllimlər, dostlar tanıdım. Universitetimiz mənə çətinliklərin öhdəsindən gəlməyi, problemləri həll etməyi və ən əsası özünə güvənməyi, xəyalların mütləq ardı ilə getməyi öyrətdi. Bütün öyrəndiklərimə və qazandıqlarıma görə Bakı Dövlət Universitetinə təşəkkür edirəm”.
Fizika fakültəsinin məzunu Rəfiqə İsmayıllı: “Tələbə olmağa hazırlaşanda mənə güclü təhsil verəcək bir universitetdə oxumaq ən böyük arzum idi. Dördillik təhsil həyatım necə də gözəl və tez keçdi. Bu illərin belə tez keçəcəyini heç düşünməzdim. Pandemiyanın başlaması məni çox kədərləndirdi, çox sevdiyimiz universitetdən ayrı qalmaq istəmirdim. Müəllimlərin sayəsində tədrisimiz onlayn formada davam etdi və onlayn dərslər də maraqlı anlar ilə yadda qaldı.
Çox gözəl günlərdir tələbəlik illəri… Ən gözəli isə təhsil aldığın universitetin sənə nələr öyrətdiyidir. Mən bunun üçün Bakı Dövlət Universitetinin professor-müəllim heyətinə öz minnətdarlığımı bildirirəm. Nə yaxşı ki, flaqman universitetdə təhsil almışam. Mən Bakı Dövlət Universitetini seçməklə arzularımı burada gerçəkləşdirdim. BDU məni özümə kəşf etdirdi və daxilimdəki potensialın şəxsi inkişafıma sərf olunması üçün münbit şərait yaratdı. Savadlı və qayğıkeş universitet kollektivi hədəflərimizə çatmaqda əvəzsiz rol oynadılar”.

Tehsil-press.az


Oxşar xəbərlər