Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirən məzunlar danışır

Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirən məzunlar danışır Dörd il əvvəl başladıqları yolu bu gün onlar fərqlənərək bitirirlər. Artıq seminarları, həyəcanlı imtahanları, ev tapşırıqlarını, kurs işlərini, sərbəst işləri və daha nələri geridə qoyaraq yeni bir başlanğıcın astanasındadırlar. Onlar Azərbaycanın ilk ali təhsil ocağı, təhsilin flaqmanı sayılan Bakı Dövlət Universitetini (BDU) fərqlənmə diplomu ilə bitirən məzunlardır.
Fizika fakültəsinin məzunu Dilarə Piriyeva bildirib ki, BDU-da təhsil almaq onun uşaqlıq xəyalı olub: “Orta məktəb illərində hər il televiziya ekranlarından BDU-da keçirilən məzun gününü izləyəndə o hissləri doğrudan da yaşayırmış kimi qəribə bir həyəcan keçirirdim. Nəhayət, 2016-cı ildə 561 balla Fizika fakültəsinin fizika ixtisası üzrə ingilis bölməsinə daxil oldum”.
O qeyd edib ki, oxuduğu müddətdə fakültələrində təşkil edilən ali məktəb tələbələrinin respublika elmi konfransında iştirak edib, “Ən yaxşı tələbə tədqiqat işi”nə görə diplomla təltif olunan tələbələr sırasında olub. II kursda oxuyarkən Bakı Ali Neft Məktəbində keçirilən, ümummilli lider Heydər Əliyevin 95-ci ildönümünə həsr olunan “Respublika Tələbələrin Elmi Texniki Konfransı”nda I dərəcəli diploma layiq görülüb. Tələbə Elmi Cəmiyyətində tələbələrin elmə olan marağını artırmaq məqsədilə elmi seminarlar, konfranslar və layihələr təşkil edib. Həmçinin müxtəlif yarışlarda, təhsil sərgilərində oxuduğu fakültəni təmsil edib. Bundan başqa, universitetin 100 illik tədbirində Fizika fakültəsini təmsil edən heyətin üzvü olub. Dilarə Piriyeva bildirib ki, bütün bunlar haqqında məlumat verməkdə məqsədi universitet tələbələrinin və tələbə adını daşıyacaq abituriyentlərin elmi tədbirlərə vaxt ayırmalarının vacibliyini diqqətə çatdırmaqdır. Çünki sevdiyiniz ixtisas üzrə təhsil alırsınızsa, bütün çətinliklərin öhdəsindən gələ bilirsiniz.
“Dönüb arxada qoyduğum dörd ilə baxdığım zaman hər anını doya-doya yaşadığımın fərqinə varıram. Bakı Dövlət Universitetinə qəbul olmaq mənim uşaqlıq arzum idi. Məktəb illərində hər zaman mənə hansı peşəyə yiyələnmək istədiyimi soruşanda mən ağızdolusu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olacam deyirdim. Sevinirəm ki, bu arzu indi bir xatirəyə çevrilib. Azərbaycanın ilk ali təhsil ocağının məzunu olmaq böyük qürurdur, yaxşı ki, mən də BDU-nun məzunuyam!”, - deyə Jurnalistika fakültəsinin məzunu Nərmin Məmmədova qeyd edib.
O bildirib ki, universitetdə təhsil aldığı illərdə hər zaman oxuyaraq, çalışaraq, müəllimlərin nümunə göstərdiyi məsuliyyətli tələbələrdən biri olub: “Hər semestrdə imtahan nəticələrimi yüksək tutmağa, akademik göstəricimdə hər zaman irəliləyiş əldə etməyə çalışırdım. Bakı Dövlət Universitetində ixtisasım üzrə aldığım təhsil digər universitetlərdəkindən fərqlənirdi. Fakültəmizdə mütəmadi şəkildə tədbirlər, seminarlar, təlimlər təşkil olunurdu. Peşəkar media nümayəndələri ilə tez-tez bir araya gəlir, onlardan yeni-yeni biliklər öyrənirdik. Jurnalistika fakültəsinin təşkilatçılığı ilə bu cür tədbirlər və seminarlar çox keçirilirdi. Dostlarımla birlikdə yaddaşımıza həkk olan yüzlərlə xatirəmiz var - qrup yoldaşlarım, fakültə tələbələri ilə keçirdiyim hər gün yaddaqalan idi”.
“BDU-ya sevgim hələ universitetə qəbul olmamışdan qabaq yaranmışdı. Qəbul olacağım universiteti, gələcək tələbəlik həyatımı düşünərkən hər zaman BDU-nu xəyal edirdim. Qəbul imtahanında 602 bal topladıqda seçimim BDU oldu. Universitetdə tam 6 il - 4 il bakalavr, 2 il isə magistratura təhsil aldım. Tələbəlik illəri mənə təkcə elm, savad qazandırmadı. Eyni zamanda, bir şəxsiyyət olaraq yetişməyimdə də əvəzedilməz rol oynadı. Məncə hər bir insanın həyatında universitet illərində qazandığı təcrübəni heç nə əvəz edə bilməz. Tələbəlik illərində aktiv sosial həyat da vacibdir. Bu baxımdan BDU-da tələbələr üçün əlverişli şərait yaradılıb. Mən də bir çox seminarların, tədbirlərin iştirakçısı olub, müxtəlif sertifikatlar əldə etmişəm. Universitetimizdə Qazaxıstandan, Türkiyədən gələn tətqiqatçılar və tələbələrlə elmi mübadilələr aparmışıq. İmtahan sessiyalarında böyük səylə çalışan tələbələr hər zaman yüksək qiymətləndirilir. Magistraturaya qəbul olmağa qərar verdikdə isə düşündüyüm tək məqam vardı: qəbul imtahanında yüksək bal toplamaq və yenidən BDU-nu seçmək. Çox şükürlər olsun ki, 2018-ci ildə tarixçi ixtisası üzrə qəbul imtahanında respublika üzrə ən yüksək balı (117) toplayıb yenidən BDU-ya daxil oldum. Magistr illərim də bakalavr illəri qədər maraqlı və məhsuldar keçdi. Öyrəndiklərimi möhkəmləndirib, biliklərimi daha da genişləndirdim və fərqlənmə diplomuna layiq görüldüm”, - bu fikirləri Tarix fakültəsinin məzunu Əfsanə Rüstəmli universitetlə bağlı təəssüratlarını bölüşərkən səsləndirib.
O abituriyentləri məhz BDU-nu seçməyə dəvət edib: “Respublikanın qocaman ali təhsil ocağının onlara istədikləri və gözlədikləri təhsili verəcəyindən əminəm”.
Kitabxanaçılıq-informasiya fakültəsinin məzunu Samirə Məmmədli bildirib ki, Bakı Dövlət Universiteti ona ixtisası üzrə lazımi bilik və təcrübələr verib, ziyalı professor-müəllim kollektivinin əhatəsində öyrənmək fürsəti yaradıb, yaxşı dostlar qazandırıb.
“Təhsil aldığım ixtisas üzrə bir neçə müəssisədə təcrübədə olmuşam. Universitetdə, kitabxanalarda təşkil olunan konfranslarda, seminarlarda iştirak edərək ixtisasım üzrə məlumatlar əldə etmişəm. Fakültəmizdə tədris olunan biliklərin həm nəzəri, həm təcrübi tərəfini öyrənmişəm. Debatlar, yarışmalar, özəl günlərlə bağlı keçirilən tədbirlər universitet həyatımı daha da rəngarəng edib. Bakı Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirmək, həqiqətən də, çox qürurvericidir. Universitetdə təhsil aldığımız müddətdə çalışmağın önəmini daha yaxşı dərk etdik, oxuduq, öyrəndik, imtahanları uğurla başa vurduqda sevincdən yerə-göyə sığmadıq. Bu gün universiteti fərqlənmə ilə bitirməyin qürurunu yaşayıram”, -deyə Samirə Məmmədli qeyd edib.
Hüquq fakültəsinin “SABAH” qrupları məzunu Sevinc Sadıqova da Bakı Dövlət Universiteti ilə bağlı xoş xatirələrini bölüşüb: “Unudulmaz tələbəlik illərini Bakı Dövlət Universitetində keçirmək çox sevindiricidir. Təhsil aldığım ixtisasın bütün sirlərini, dərinliklərini öyrənmək həvəsi mənim bu nailiyyətə çatmağımda əsas rol oynadı. “SABAH” qruplarında yaradılan imkanlar, müəllim kollektivi və qrup yoldaşlarımızla rəqabət mühiti məni oxumağa daha da həvəsləndirirdi. Tələbələrin əksəriyyəti kimi seminarlara, imtahanlara hazırlaşmaq, sərbəst işlər yazmaq üçün çox çalışmışam. Təhsil aldığım müddətdə Bakı Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin fəaliyyətində yaxından iştirak etmişəm. Tələbə “Hüquq” jurnalının icraçı redaktoru vəzifəsində çalışaraq bu sahənin incəliklərini öyrənmişəm. İmitasiya məhkəmə müsabiqələrində iştirak edərək Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsində çalışmışam.
Gələcəyin ədalətli, savadlı hüquqşünaslarından biri olmaq istəyirəm. Xüsusən Azərbaycan Respublikasının dövlət strukturlarında çalışmaq ən böyük arzumdur. Mən hər zaman fəxr edirəm ki, Bakı Dövlət Universitetinin məzunuyam”.
“Danılmaz faktdır ki, 100 illik tarixi olan Bakı Dövlət Universiteti dünya elminə, mədəniyyətinə, siyasətinə layiqli töhfə verən yüzlərlə tarixi şəxsiyyətlər yetişdirib. Təhsilimin bakalavr və magistratura pilləsini BDU-da başa vurmuşam. Əlbəttə ki, tarix yazmış bir universitetdən məzun olmaq mənin üçün də şərəfdir”, - deyə Geologiya fakültəsinin məzunu Elnur Qasımov vurğulayıb. O qeyd edib ki, universiteti fərqlənmə diplomu ilə bitirmək çox az sayda tələbəyə nəsib olur. Bunun üçün gündəlik dərslərdə iştirak edib, standart tapşırıqları həll etmək kifayət etməz. Mən də bir tələbə kimi tədris müddətində mümkün qədər çox bilik əldə etmişəm. Üçüncü kursdan etibarən AMEA-nın Geologiya və Geofizika İnstitutunda böyük laborant vəzifəsində çalışmağa başladım. Tələbə kimi AMEA-da çalışmaq mənim üçün çox böyük uğur idi. Çalışmağa başladığım andan etibarən çoxsaylı respublika və beynəlxalq konfranslarda iştirak edib beynəlxalq sertifikatlara, SOCAR-ın Fəxri fərmanına layiq görülmüşəm. Əlavə olaraq SOCAR-ın 2019-2020-ci il üzrə “Daxili Təqaüd Proqramı”nın qalibi və 2019-cu il “Yay məktəbi”nin iştirakçısı olmuşam. Bütün bu sadaladığım uğurlarımda Bakı Dövlət Universitetinin rolu danılmazdır. İxtisasıma marağım çox böyükdür. Bu səbəbdən gələcəkdə doktoranturaya daxil olub elmi fəaliyyət göstərmək istəyirəm. BDU-da təhsil aldığım müddət ərzində müəllimlərimin elmi biliklərə yiyələnməyimdə əvəzsiz rolu oldu. Onların hər birinə minnətdarlığımı bildirir, hazırda BDU-də təhsil alan tələbələrə müvəffəqiyyətlər arzu edirəm”.
Biologiya fakültəsinin məzunu Səkinə Rzayeva təhsil aldığı 4 il ərzində Bakı Dövlət Universitetinin ona mükəmməl dostluqlar, məzun olduqdan sonra da müəllimlər və auditoriya qarşısında çıxış etmək qabiliyyəti qazandırdığını deyib: “İkinci kursdan etibarən Bitki fiziologiyası kafedrasında aparılan elmi təcrübələrə qoşuldum, elmi konfransda çıxış etdim. Üçüncü kursda oxuyanda “İlin ən yaxşı tələbəsi” adına layiq görüldüm. Bakı Dövlət Universitetindən fərqlənmə diplomu ilə məzun olmaq qürurverici hissdir. Bunun üçün mənə dərs deyən professor-müəllim heyətinə sonsuz minnətdaram. Çəkilən əziyyət heç zaman yerdə qalmır. Mən çox şanslıyam ki, Bakı Dövlət Universitetinin məzunuyam”.

Tehsil-press.az

Oxşar xəbərlər