AMEA və Fransanın Monpelye Universitetinin Birgə Seçki Komissiyasının onlayn görüşü keçirilib

AMEA və Fransanın Monpelye Universitetinin Birgə Seçki Komissiyasının onlayn görüşü keçirilib Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Fransanın Monpelye Universitetinin (MU) müştərək doktorantura proqramı üzrə 2021-ci il üçün elan edilmiş müsabiqə çərçivəsində namizədlərin seçimi məqsədilə AMEA və MU-nun Birgə Seçki Komissiyasının onlayn formatda görüşü keçirilib.
Görüşdə Monpelye Universitetini komissiyanın sədri – bu ali təhsil müəssisəsinin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti, professor Patrik Karon, üzvləri – Biologiya (CBS2) üzrə doktorluq təşkilatının direktoru, professor Sofia Kossida və təşkilatın üzvü, professor Fabris Anqo, Monpelye Universitetinin Beynəlxalq əlaqələr idarəsinin direktoru Selin Delakourt-Qollain təmsil edib.
Müştərək doktorantura proqramına təqdim edilmiş mövzular üzrə ilkin seçim mərhələlərindən uğurla keçmiş namizədlər Birgə Seçki Komissiyanın qarşısında təqdimatla çıxış ediblər və komissiya üzvlərinin suallarını cavablandırıblar.
Fikir mübadiləsi məqsədilə AMEA və Monpelye Universiteti tərəfindən komissiya üzvlərinin ayrılıqda müzakirəsi keçirilib. Tərəflər yenidən bir araya gələrək qərarlarını təqdim edib və müzakirə əsasında ümumi nəticəyə gəliblər. Komissiyanın üzvləri tərəfindən müvafiq sənəd imzalanıb.
Seçilmiş namizədlər təhsil müddətinin iki ilini Monpelye Universitetində, bir ilini AMEA-da tamamladıqdan sonra həm Azərbaycan, həm də Fransa tərəfindən fəlsəfə doktoru diplomlarına layiq görülmək hüququ qazanırlar.
Görüşdə AMEA tərəfindən komissiyanın sədri – AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, üzvləri – AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, AMEA Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin rəisi Rüstəm Rüstəmov və Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri Esmira Əlirzayeva iştirak edib.
Xatırladaq ki, 2018-ci ildən bu proqram üzrə 5 doktorant təhsilini davam etdirir.

Tehsil-press.az

Oxşar xəbərlər