“Ağıllı məktəb” yarışının qalibləri mükafatlandırılıb

“Ağıllı məktəb” yarışının qalibləri mükafatlandırılıb Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Təhsil Nazirliyinin Təhsil İnstitutunun "STEAM Azərbaycan" layihəsi komandasının birgə əməkdaşlığı çərçivəsində dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin 100 illik yubileyinə həsr olunan “Tikdim ki, izim qala” adlı “Ağıllı məktəb” yarışması baş tutub.
İyulun 15-də Səbail rayon icra hakimiyyəti başçısının müavini Kəmalə Həşimovanın, icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının, eyni zamanda məktəb direktorları Gülşən Orucovanın, Ceyran Quliyevanın, Arzu Nəzərovanın və Təhsil İnstitutunun "STEAM Azərbaycan" layihəsinin əməkdaşlarının iştirakı ilə T.İsmayılov adına 6 saylı məktəb-liseyin, 132-134 nömrəli Təhsil Kompleksinin, 189-190 nömrəli və 162 nömrəli tam orta məktəblərin 6, 7 və 8-ci sinif şagirdləri arasında yarışmanın qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. Qaliblərə sertifikatlar və hədiyyələr təqdim olunub.
XXI əsr müasir texnologiyaların, yeni elmi yanaşmaların, ixtiraların sürətlə inkişaf etdiyi dövrdür. Bu ixtiraları yaradanlar isə müasir təhsil modellərinin yetişdirdiyi insanlardır. Bu baxımdan da günün məzunu müasir tələblərə cavab verən, əmək bazarında özünü doğruldan şəxslər olmalıdır. Bütün bunları prioritet hesab edən Təhsil Nazirliyi yeni təhsil modelləri üzərində araşdırmalar aparır, bu modellərin tətbiqini vacib hesab edir. Elə bu məqsədlə də Təhsil Nazirliyi 2019-2020-ci tədris ilindən başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə “STEAM Azərbaycan” layihəsinə start verib.

Tehsil-press.az


Oxşar xəbərlər