Bakı Ali Neft Məktəbində “Məzun günü”

Bakı Ali Neft Məktəbində “Məzun günü” Bakı Ali Neft Məktəbində (BANM) beşinci dəfə “Məzun günü” keçirilib.
“Məzun günü”ndə SOCAR rəhbərliyinin nümayəndələri, Milli Məclisin deputatları, Azərbaycanın tanınmış media qurumlarının rəhbərləri, ali məktəbin professor-müəllim heyəti və məzunlar iştirak ediblər.
Öncə Azərbaycanın Dövlət Himni səslənib.
Tədbiri giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxışına Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidləri yad etməklə başlayıb. Sonra Elmar Qasımov məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıb. Rektor bildirib ki, ali məktəb 10 illik yubileyinə hazırlaşır. “Bu illər ali məktəbimiz üçün inkişaf və tərəqqi dövrüdür. SOCAR-ın tərkibində olmağımızla qürur duyuruq. İndi bizim məzunlarımız Azərbaycanda və dünyanın müxtəlif ölkələrində istehsalat təcrübəsi keçir. İndiyədək BANM-in məzunları yüz faiz işlə təmin olunublar. Hətta xarici ölkələrdə beynəlxalq səviyyəli şirkətlərdə çalışırlar. Onlar bizim qürurumuzdur. Bir sözlə, bizim tələbələrimiz Azərbaycanın intellektual əsgərləridir”, – deyə rektor vurğulayıb.
Elmar Qasımov qeyd edib ki, BANM-in məqsədi dünyanın ən nüfuzlu universitetləri sırasına daxil olmaqdır: “Təhsil, istehsalat və tədqiqat qızıl üçbucağına nail olarıqsa, dünyanın nüfuzlu universitetləri sırasında yer alacağıq”. O, Prezident İlham Əliyevin Bakı Ali Neft Məktəbinin açılış mərasimindəki çıxışında “Biz neft kapitalını insan kapitalına çevirməliyik“ fikrini xatırladaraq vurğulayıb ki, BANM ailəsi buna nail olmağa çalışır. Ali məktəbin müəllim–professor heyəti, tələbələri və məzunlarının uğurları bunu bir daha təsdiq edir. Rektor məzunlara müraciət edərək bildirib ki, hər biriniz təhsil almağa getdiyiniz ölkələrdə Vətənimizi, Dövlətimizi, Ali Məktəbimizi və ailənizi ləyaqətlə təmsil etməlisiniz.
Bakı Ali Neft məktəbinin məzunlarının uğurlarından bəhs edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, BANM artıq bir brendə çevrilib. “Bu, sizin böyük zəhmətinizin nəticəsidir. 2006-cı ildə Prezident İlham Əliyev bizim qarşımızda beynəlxalq şirkətə çevrilmək tapşırığını qoydu. Lakin həmin vaxtlar bizim beynəlxalq səviyyəli mühəndislər, mütəxəssislərimiz çox az idi. Biz təqaüd proqramları həyata keçirdik və 300-dən çox gənci xarici ölkələrə mühəndislik ixtisasları üzrə təhsil almağa göndərdik. Lakin biz bununla kifayətlənə bilməzdik. Ona görə də Prezident İlham Əliyevin Sərəncamı ilə 2011–ci ildə Bakı Ali Neft Məktəbi yaradıldı. Bununla da ölkə rəhbərinin neft kapitalını insan kapitalına çevirmək məqsədinə nail oluruq. Artıq Azərbaycanda beynəlxalq səviyyəli, ingilis dilli mühəndislər yetişir”, - deyə o qeyd edib.
Tələbələri ilə hər zaman qürur duyduğunu bildirən ali məktəbin professoru, Əməkdar müəllim Fuad Vəliyev isə vurğulayıb ki, tələbələr və məzunlar BANM-də aldıqları bilik və bacarıqlar sayəsində həyatlarının yeni mərhələsində özlərini təsdiq edə biləcəklər: “Siz bu ali məktəbdə həm yüksək səviyyəli təhsil aldınız, həm də ali mənəvi dəyərlərə malik Azərbaycan ziyalısı kimi yetişdiniz. Dünyanın müxtəlif yerlərində oxuyacaq, işləyəcəksiniz, lakin əminəm ki, BANM və SOCAR-a vəfa borcunuzu unutmayacaqsınız. Dünyanın müxtəlif universitetlərində çalışmışam, lakin heç bir yerdə tələbəyə buradakı qədər qayğı, diqqət görməmişəm”.
Xatırladaq ki, bir neçə gün öncə Bakı Ali Neft Məktəbinin müəllimləri “Yüksəliş” müsabiqəsinin qalibi olublar. “Məzun günü”ndə onlar - Orxan Quliyev, Ziya Mürsəlzadə və Güldənə Hidayətli səhnəyə dəvət ediliblər. Rektor Elmar Qasımov qaliblərə xatirə hədiyyələri təqdim edib.
Sonra diplomlar məzunlara təntənəli şəkildə təqdim olunub. Rektor Elmar Qasımov vurğulayıb ki, BANM Azərbaycanda yeganə ali məktəbdir ki, bütün məzunlara diplomlar məhz “Məzun günü”ndə təqdim edilir. Bu il də ənənəmizə sadiq qalmışıq.
Bu il BANM-i neft-qaz mühəndisliyi üzrə 41 nəfər, kimya mühəndisliyi üzrə 46 nəfər, proseslərin avtomatlaşdırılması mühəndisliyi üzrə 33 nəfər bakalavr, mühəndislik ixtisasları üzrə 15 magistr, Biznesin İdarə Edilməsi (MBA) proqramı üzrə 46 nəfər bitirib. İkili diplom proqramlarından məzun olanlardan 12 nəfər Heriot Vat Universiteti ilə birgə proqram üzrə, 19 nəfər Cenevrə Biznes Məktəbi ilə birgə proqram üzrə məzun adını qazanıb. Builki məzunlardan 7–si ABŞ–ın müxtəlif universitetlərində magistratura və doktoranturaya təqaüdlə, 6–sı isə DAAD təqaüd proqramı ilə Almaniyanın müxtəlif ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıblar.
Bu il BANM-in bakalavr və magistr məzunu olan 38 nəfər ABŞ, Kanada, İsveç, İtaliya, Niderland, Belçika, Macarıstan, Böyük Britaniya, Çexiya, Almaniya, Estoniya və Litvanın müxtəlif universitetlərinə daxil olublar. Eyni zamanda, 2021-ci il DİM tərəfindən magistraturaya qəbul imtahanlarında ölkə üzrə ən yüksək nəticə göstərən 4 nəfər BANM-in məzunlarıdır. 2021-ci ildə DİM tərəfindən doktoranturaya qəbul imtahanlarında ölkə üzrə ən yüksək nəticə göstərən İsmayıl Əkbərov da BANM-in məzunudur.
2021-ci ildə BANM-in kimya mühəndisliyi ixtisası üzrə məzunu Səfər Usubov, neft-qaz mühəndisliyi ixtisası üzrə məzunu Aytac İsgəndərova, proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə məzunu Səkinə Nağızadə öz ixtisaslarının birincisi olublar. Magistratura pilləsi üzrə isə Tünzalə İmanova birinciliyi qazanıb. Onlar fəxri plaketlə təltif olunublar. Diplom və plaketləri rektor Elmar Qasımov təqdim edib.
Daha sonra 2021-ci il məzun buraxılışı üzrə ali məktəbin birincisi olan Səfər Usubov adını rəmzi kötüyə həkk edib.
Nümunəvi tələbə çıxış edərək hər kəsə uğurlar arzulayıb və müəllimlərinə minnətdarlıq bildirərək qeyd edib ki, xarici ölkədə təhsilini başa vurduqdan sonra Vətənə dönüb yüksəkixtisaslı kadr kimi çalışacaq: “Bu gün burada çıxış etmək mənim üçün şərəfdir. BANM tələbəsi olaraq məşhur xarici şirkətlərdə istehsalat təcrübəsi keçmişəm. ABŞ-ın 12 ali məktəbinə daxil olmuşam. Bizə yaratdığı şəraitə görə rektor Elmar Qasımova təşəkkür edirik. Məqsədim peşəkar kadr kimi Vətənə dönüb SOCAR-da Heydər Əliyev adına Neft Emalı Zavodunda işləməkdir. Biz Ali Baş Komandanın intellektual əsgərləriyik!”
Tədbir Vətən müharibəsində Azərbaycanın tarixi Zəfərinə həsr olunan bədii hissə ilə davam edib.
İkinci Qarabağ müharibəsində şəhid olmuş baş leytenant Rövşən Nurzadənin atası, Xalq artisti Əli Nur vətənpərvərlik mövzusunda şeirlə gənclərə səslənib. Dövlət Sərhəd Xidmətinin nümunəvi orkestrinin ifasında vətənpərvərlik mövzusunda mahnılar qonaqlarda yüksək əhval-ruhiyyə yaradıb.
“Məzun günü”nün sonunda mantiya geyinmiş məzunların ənənəvi “papaqatma” mərasimi olub.

Tehsil-press.az


Oxşar xəbərlər