Mil-Muğan Regional Təhsil İdarəsinin, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə regionun gənc müəllimləri arasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Xəmsə” intellektual bilik yarışı keçirilib.Tədbirdə çıxış edən idarə nümayəndələri belə bilik yarışlarının gənc müəllimlərin intellektual inkişafında mühüm rol oynadığını, onların peşəkar kompetensiyalarının və müasir yanaşmalarının gücləndirilməsinə xidmət etdiyini qeyd ediblər. Bildiriblər ki, ölkəmizdə gənclərin, o cümlədən gənc müəllimlərin inkişafına xüsusi qayğı göstərilir və bu yöndə müxtəlif təşəbbüslər həyata keçirilir.
Saatlı rayon Gənclər Evində reallaşan yarışın məqsədi gənc müəllimlərin intellektual biliklərinin artırılması, onların maarifçilik fəaliyyətlərinin dəstəklənməsi, eləcə də müəllimlər arasında dostluq, həmrəylik və sağlam rəqabət mühitinin yaradılması olub.
Yarışda Mil-Muğan Regional Təhsil İdarəsinə daxil olan rayonları təmsil edən komandalar iştirak ediblər. Beyləqan rayonunu “Mil” və “Beyləqan”, İmişli rayonunu “Şahinlər” və “Fenomen”, Saatlı rayonunu “Birlik”, Sabirabad rayonunu isə “Turan” və “Türksoy” komandaları təmsil ediblər.
Bir neçə mərhələ üzrə keçirilən bilik yarışında iştirakçılar Azərbaycan tarixi, dövlətçilik ənənələri, Konstitusiya və hüquq, həmçinin ümumi intellektual suallar üzrə biliklərini sınayıblar. Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın sonunda birinciliyə Saatlı rayonunu təmsil edən “Birlik” komandası nail olub. İkinci yeri Beyləqan rayonunun “Mil” komandası, üçüncü yeri isə İmişli rayonunun “Fenomen” komandası tutub.
Qalib komandalara təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələr təqdim olunub.
Tehsil-press.az














