Azərbaycanın tranzit qadağasını götürməsi Rusiyanı qane edirmi?“Azərbaycanın Ermənistana gedən tranzit yüklər üçün ərazisini açmaq qərarı Bakı və İrəvanın sülhə doğru getməsində ciddi olduqlarına işarədir”.
Bunu rusiyalı ekspert Mixail Belyayev Azərbaycanın Ermənistana gedən tranzit yüklərə öz ərazilərini açmasını şərh edərkən deyib.
“Azərbaycanın bu qərarı ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli ticarət dövriyyəsinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Daha çox isə Azərbaycan və Ermənistan, xüsusən də Qarabağ münaqişəsinə görə iki qonşusu tərəfindən otuz ildən artıq blokadada olan Ermənistan arasında ticarət üçün. Belə çıxır ki, Ermənistan əngəlləndiyi üçün belə boz ləkə olub və indi yeni imkanlar yaranır. Ermənistan və Azərbaycan sonda ticarət edəcək. Ermənistanın Rusiya ilə obyektiv, faydalı iqtisadi əlaqəsi var və bunu yadda saxlamalıdır. Azərbaycan ərazisi vasitəsilə isə dənizə çıxışı olmayan bu ölkə təhlükəsiz dəniz limanlarına aparacaq nəqliyyat dəhlizlərinə çıxış əldə edəcək”, - o bildirib.
Belyayevə görə, Azərbaycan və Ermənistan arasında nəqliyyat və iqtisadi əlaqələrin qurulması ümumilikdə həm MDB, həm də Aİİ üçün faydalıdır: “Nəqliyyat marşrutları həm də əlavə iş yerləri yaradır və iqtisadi inkişafa təkan verir. Təbii ki, dövlətlər arasında münasibətlərdə müxtəlif eniş-yoxuşlar, siyasi maneələr olur, lakin hər bir ağıllı rəhbər başa düşür ki, həmişə ölkənin coğrafiyasının özü tərəfindən təyin olunan obyektiv iqtisadi imkanlar mövcuddur. Qarşıda uzun bir yol var: Ermənistan ərazisində Azərbaycanı onun eksklavı Naxçıvanla birləşdirəcək dəmir yolunun tikintisi. Bu magistralların özlərinin - dəmir yollarının, avtomobil yollarının və digərlərinin tikintisi öz növbəsində iqtisadiyyata töhfədir”.
Rusiyalı ekspertin rəyindən belə nəticə çıxarmaq olarmı ki, Azərbaycanın Ermənistana qarşı iqtisadi-ticari məhdudiyyətləri götürməsi Moskvanı da qane edir? Axı bu, İrəvanın Rusiyadan asılılığının azalmasına gətirəcək.
Politoloq Yusif Bağırzadə bildirdi ki, Azərbaycanın Ermənistana gedən tranzit yüklər üçün ərazisini açması Ermənistanın digər ölkələrlə, o cümlədən də Orta Asiya respublikaları ilə ticarətini asanlaşdıracaq: “Bu isə faktiki olaraq Rusiyanın Ermənistana təsir imkanlarının nisbətən də olsa azalması deməkdir. Belə ki, uzun bir dövr ərzində bu ölkələrdən və ümumilikdə Avrasiya İqtisadi İttifaqına üzv ölkələrdən Ermənistana məhsullar əsasən Rusiya üzərindən daşınırdı. Özü də əsasən avtomobil yolu vasitəsilə. Yəni olduqca mürəkkəb logistika var idi və Rusiya bu mənada Ermənistana əlavə təsir imkanları əldə edirdi. İndi isə tranzit yüklər üçün daha uyğun, daha qısa və təhlükəsiz marşrut vasitəsilə, Azərbaycan üzərindən daşınmanın həyata keçirilməsi mümkün olacaq ki, bu həm də daha ucuz başa gəlməklə daşınan malların qiymətinə də təsir edəcək. Bu həmçinin digər ölkələrlə Ermənistan arasında ticarət imkanlarının da yaxşılaşdırılmasını və yeni iqtisadi əlaqələrin qurulmasını təmin edəcək. Başqa sözlə desək, Ermənistanın Azərbaycanla tranzit imkanları genişləndikcə, Rusiya malları ilə yanaşı, digər ölkələrin malları da Ermənistan bazarında daha rahat yer tutmağa başlayacaq ki, bu da bazarda rəqabəti artıracaq. Amma bütün bunlara baxmayaraq Azərbaycanın bu addımının Rusiya tərəfindən də müsbət qarşılanması da təsadüfi deyil. Belə ki, Azərbaycanın tranzit imkanları, Ermənistanla Rusiya arasında da malların daşınmasına müsbət mənada təsir edəcək. Rusiyanın da öz yüklərini Azərbaycan üzərindən ucuz və sürətli şəkildə göndərməsi üçün yeni imkanlar yaranmış olur. Loqistik marşrutların dəyişməsi bu baxımdan əslində Rusiyanın özü üçün də faydalıdır”.
Politoloq Azad Məsiyev isə bildirdi ki, Azərbaycan qonşularla dinc yanaşı yaşamaq prinsipinə sadiq dövlətdir və bu prinsipə uyğun addımlar atır: “Qonşu Ermənistanla da normal qonşuluq münasibətlərində maraqlı olan Azərbaycan bununla həm də daimi sülhün tərəfdarı olduğunu bir daha nümayiş etdirdi. Ermənistanın işğalçılıq siyasəti, Azərbaycana qarşı işğalçılığı, Türkiyəyə qarşı ərazi iddiaları Ermənistanı dalan dövlətə çevirmişdi. Bunun günahkarı Azərbaycan və Türkiyə deyildi, məhz Ermənistan dövlətinin yanlış siyasəti idi. İndi Ermənistan sevinir ki, dalan dövlət vəziyyətindən Azərbaycanın köməyi ilə çıxmaq imkanı əldə etməkdədir. 44 günlük müharibədən və Azərbaycanın Qarabağda dövlət suverenliyini bərpa etməsindən sonra regionda yeni reallıq yaranıb. Reallığı Azərbaycan yaradıb və prosesdə Azərbaycan həlledici ölkədir. Bunu artıq Ermənistan və Rusiya da qəbul edir. Rusiya hesab edir ki, Ermənistanla Azərbaycan arasında əlaqələrin qurulması, kommunikasiyaların açılması bu iki dövlət arasında münaqişəli vəziyyətdən daha yaxşıdır. Çünki münaqişə vəziyyətində üçüncü qüvvələrin, Qərbin və digər maraqlı güclərin regiona, Ermənistana müdaxilə imkanları daha genişlənir. Bu baxımdan hesab etmək olar ki, Rusiyanın Azərbaycanla Ermənistan arasında sülhə, əməkdaşlığa xidmət edən prosesdən razı qalması gözlənilən idi. Rusiya fərqindədir ki, Azərbaycanla Ermənistan arasında hava məkanı, gələcəkdə quru yolları, dəmiryolları açılanda bu kommunikasiyalardan Rusiyanın özü də çox ciddi şəkildə yararlana biləcək və bundan iqtisadi qazancları olacaq. Ona görə də Azərbaycanın Ermənistana qarşı iqtisadi-ticari məhdudiyyətləri götürməsi Moskvanı da qane edir. Azərbaycan üzərindən yeni nəqliyyat, kommunikasiya əlaqələrinin yaranması Ermənistanı əslində Rusiya ilə daha da yaxınlaşdıracaq, iqtisadi əlaqələri bir qədər dərinləşdirəcək”.
Yada salaq ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb. Bu barədə Prezident İlham Əliyev oktyabrın 21-də Qazaxıstana dövlət səfəri çərçivəsində həmkarı Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında bildirib.
Azərbaycan dövlət başçısı deyib: “Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb və ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşınması olub. Zənnimcə, bu, həm də Azərbaycan ilə Ermənistan arasında sülhün artıq kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir”.
Ermənistanın Baş naziri Nikol Paşinyan V Tbilisi İpək Yolu Forumunda çıxışı zamanı rəsmi Bakının Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə bəyanatına toxunaraq bu qərarın pozitiv olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu qərar regionda etimadın bərpası və iqtisadi əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir.
Tehsil-press.az














