Azərbaycan-Fransız Universitetinə qəbul imtahanı keçirilib

Azərbaycan-Fransız Universitetinə qəbul imtahanı keçirilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinə (UFAZ) 2021-2022-ci tədris ili üçün bakalavr pilləsi üzrə qəbul imtahanı keçirilib.
İmtahan COVID-19 pandemiyası dövründə xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş bütün zəruri göstərişlərin nəzərə alınması, sosial məsafə və gigiyena qaydalarının gözlənilməsi şərti ilə aparılıb. Pandemiya qaydalarına riayət edilərək, imtahan binasına daxil olanların hərarəti yoxlanılıb. Bütün imtahan otaqlarında dezinfeksiyaedici maddələr qoyulub. İmtahan otaqlarında maska taxılması məcburi tələb olub.
UFAZ-a qəbul imtahanında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin (DİM) mərkəzləşdirilmiş qəbul imtahanında I ixtisas qrupu üzrə 500 və daha artıq bal toplayan ümumilikdə 330 nəfər abituriyent (260 nəfər Azərbaycan bölməsi üzrə, 70 nəfər rus bölməsi üzrə) 160 qəbul yeri üçün qeydiyyatdan keçib. Onlardan 294 nəfər imtahanda iştirak edib.
İmtahanda abituriyentlər 2 saat 30 dəqiqə ərzində riyaziyyat, kimya, fizika, ingilis dili və ümumi dünyagörüşü üzrə sualları cavablandırıblar. Yekunda ən çox bal toplamış 160 namizəd UFAZ tələbəsi statusunu qazanacaq. UFAZ-da təhsil ingilis dilində olduğundan, abituriyentlər üçün daha bir tələb ingilis dili üzrə mümkün 20 baldan minimum 8 bal toplamaqdır.
İmtahan binasında tibbi personalın fəaliyyəti təmin edilib.

Tehsil-press.az


Oxşar xəbərlər