Məktəb direktorları ilə onlayn görüş keçirilib

Məktəb direktorları ilə onlayn görüş keçirilib Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.
2021-2022-ci tədris ilinə hazırlıq proseslərinə həsr olunmuş onlayn görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, müvafiq struktur bölmə rəhbərləri və məktəb direktorları iştirak ediblər.
BŞTİ-nin müdiri ölkəmizdə təhsilin inkişafına böyük diqqət göstərildiyini, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilində sistemli islahatlar aparıldığını bildirib. Ənənəvi tədrisin bərpası ilə bağlı təhsil müəssisələrində görülən hazırlıq işlərindən söhbət açan Mehriban Vəliyeva tədrisin təşkilində məktəb direktorlarının üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacibliyindən danışıb.
Təhsil ocaqlarımızın əvvəlki iş ahənginə geri dönməsində, ənənəvi tədrisin bərpa edilməsində ən vacib prioritetlərindən birinin təhsil işçilərinin vaksinasiyası olduğunu deyən idarə müdiri direktorlara bu prosesə daha məsuliyyətlə yanaşmağı və müəllimlərin vaksinasiya prosesində də nümunə olmasını tövsiyə edib.
İdarə müdiri pandemiya şəraitində ənənəvi tədris mühitinin davam etdirilməsi üçün təhsil işçilərinin vaksinasiyasının daha səmərəli təşkili məqsədilə Bakı şəhəri üzrə 14, 56, 129, 158 və 276 nömrəli tam orta məktəblərdə səyyar vaksinasiya məntəqələrinin yaradıldığını xatırladıb. Koronavirusla əlaqədar təhsil müəssisələrində sanitar-epidemioloji qaydalara həssas yanaşılmasının vacibliyini qeyd edən M.Vəliyeva təhsilverənlərin və təhsilalanların sağlamlıqlarını qorumaları üçün şəxsi gigiyena qaydalarına ciddi riayət etmələrini tövsiyə edib. İdarə müdiri əyani təhsilin tam və davamlı bərpasının, həmçinin birgə fəaliyyətdən, müəllim-valideyn əməkdaşlığından asılı olduğunu söyləyib.
Çıxışı zamanı M.Vəliyeva pandemiyanın geniş vüsət alması ilə bağlı şagirdlər və valideynlər arasında maarifləndirmə işlərinin daha geniş formada aparılmasının vacibliyinə də toxunub. Təhsil işçilərinin bundan sonra da vəzifələrinin öhdəsindən layiqincə gələcəyinə və gənc nəslin vətənpərvərlik, azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsində əzmkarlıqla çalışacaqlarına inamını ifadə edib.
Yeni tədris ilindən 9-cu sinif şagirdlərinə ilk dəfə “Zəfər tarixi”nin tədris ediləcəyini xatırladan M.Vəliyeva əsas məqsədin tariximizin 44 günlük şanlı dövrü ilə yanaşı, bu günə qədər olan tarixi keçmişimizi də gənclərə dolğun şəkildə çatdırmaqdan ibarət olduğunu deyib
Daha sonra məktəb direktorları ilə bir sıra aktual məsələlər ətrafında müzakirələr aparılıb, onları maraqlandıran suallara cavab verilib, müvafiq təklif və tövsiyələr səsləndirilib.

Tehsil-press.az


Oxşar xəbərlər