Bakı şəhəri təhsil işçilərinin konfransı keçirilir

Bakı şəhəri təhsil işçilərinin konfransı keçirilir Bakı şəhəri təhsil işçilərinin “Bakı təhsili: uğurlar və hədəflər” mövzusunda konfransı keçirilir.
Tədbirdən öncə konfrans iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub və tər çiçəklər düzüblər.
Konfrans Bakı məktəblilərindən ibarət birləşmiş xor kollektivinin ifasında dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Daha sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbirdə BŞTİ-nin müdiri Rəşad Tağıyev çıxış edib. O, ölkəmizdə təhsilin inkişafına böyük diqqət göstərildiyini, Prezident İlham Əliyev tərəfindən Azərbaycan təhsilində sistemli islahatlar aparıldığını, Ümummilli Liderin təhsil siyasətinin uğurla davam etdirildiyini bildirib. BŞTİ müdiri əldə edilmiş nailiyyətlərin məhz dövlət qayğısının nəticəsi olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.
R.Tağıyev ötən tədris ilinin keyfiyyətin artırılması istiqamətində görülən məqsədyönlü işlər və parlaq uğurlarla yadda qaldığını söyləyib, perspektiv məsələlərdən bəhs edib. İdarə müdiri çıxışı zamanı 2019-2020-ci tədris ilində daha yüksək nailiyyətlər qazanılacağına əminliyini ifadə edib.
BŞTİ müdiri bildirib ki, 2019-2020-ci dərs ilində Təhsil Nazirliyinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrində və “Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin davam etdirilməsi nəzərdə tutulur.
Konfransda çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva təhsil sahəsindəki uğurlardan və mövcud problemlərin həlli istiqamətində atılacaq addımlardan danışıb. O, respublika üzrə bilik yarışlarında, beynəlxalq olimpiadalarda və ali məktəblərə qəbul imtahanlarında uğur qazanan şagirdlərin sayının ilbəil artdığını bildirib.
Nazir müavini məktəbəqəbul və şagirdlərin elektron yerdəyişməsi, məktəblilərin dərs yükü, ibtidai təhsil, məktəbdaxili qiymətləndirmə və digər vacib məsələlər barədə geniş şəkildə danışıb.
M.Vəliyeva, eyni zamanda, məktəb idarəetməsi, məktəblərin reytinqi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması və ümumilikdə, tədrisin keyfiyyətinin yüksəldilməsi kimi məsələlərin növbəti tədris ilində əsas prioritet istiqamətlərdən olacağını vurğulayıb.

Tehsil-press.az

Oxşar xəbərlər