“ATƏT-in Minsk qrupu qətiyyətli addımlar atsaydı…”

“ATƏT-in Minsk qrupu qətiyyətli addımlar atsaydı…” “ATƏT-in Minsk qrupu Ermənistan və Azərbaycan arasında münaqişənin həllinə nail olmaq məqsədilə 1992-ci ildə təsis edilmişdir. ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanı Azərbaycana qarşı hərbi təcavüzə son qoymağa məcbur etmək üçün qətiyyətli addımlar atsaydılar, onda üzərlərinə düşən vəzifələrin icrasına nail ola bilərdilər”.
Bunu BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrində çıxışı zamanı Prezident İlham Əliyev deyib.
Prezident bildirib ki, münaqişə dövründə Ermənistan öz yanaşması və hərəkətləri ilə nümayiş etdirirdi ki, onun yeganə məqsədi status-kvonu saxlamaq və işğalı möhkəmləndirməkdir:
“Mən dəfələrlə Ermənistana qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyi məsələsini qaldırmışdım. Təəssüflər olsun ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etmək üçün Ermənistana qarşı beynəlxalq sanksiyalar tətbiq edilmədi.
2018-ci ildə Ermənistanda hərbi cinayətkarlar Köçəryan-Sarkisyan rejimi devrildi. Bizim Ermənistanın yeni hökumətinin ciddi şəkildə danışıqlarda iştirak edəcəyi ilə bağlı müəyyən ümidlərimiz var idi. Biz Ermənistandan gələn istənilən müsbət siqnala cavab verməyə hazır idik.
2018-2019-cu illər keçmiş təmas xəttində ən sakit dövrlərdən biri idi. Lakin, Azərbaycanın müsbət addımlarına baxmayaraq, Ermənistanda rejimin dəyişməsi real dəyişikliklərlə nəticələnmədi. Ermənistanın yeni hökuməti də Azərbaycanla dinc qonşuluq əvəzinə, işğalın davam etdirilməsi yolunu seçdi”.

Tehsil-press.az

Oxşar xəbərlər