Təhsil Nazirliyi: İctimai Şuraya seçkilərin tarixi məlum olub

Təhsil Nazirliyi: İctimai Şuraya seçkilərin tarixi məlum olub Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilərin təşkili ilə bağlı Seçki Komissiyasının iclası keçirilib.
İclasda iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov İctimai Şuranın əhəmiyyətindən, nazirliyin fəaliyyətinə verəcəyi dəstəkdən və Şuranın işinin təkmilləşdirilməsi meyarlarından danışıb. Nazir müavini Şuranın təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı rəy və təkliflərin hazırlanması, normativ hüquqi aktların ictimai təhlilinin həyata keçirilməsi işində yaxından iştirakının əhəmiyyətini bildirib.
Komissiyanın digər üzvləri də iclasda öz təkliflərini irəli sürüblər.
Bildirilib ki, Şuraya üzv olmaq istəyən namizədlər tələb olunan sənədləri elektron qaydada təqdim etməlidirlər. Sənədlər [email protected] poçt ünvanına göndərilməlidir. Qeydiyyat üçün sənədlər oktyabrın 1-dən 28-dək qəbul edilir.
Xatırladaq ki, Təhsil Nazirliyi yanında İctimai Şura 2019-cu ilin sentyabr ayında yaradılıb. Şuranın yaradılmasında əsas məqsəd nazirliyin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, görülən işlərdə aşkarlığın və şəffaflığın təmin edilməsi, eyni zamanda, təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsi olub.
Ətraflı məlumatı nazirliyin saytında təqdim olunan elan vasitəsilə əldə etmək olar.

Tehsil-press.az


Oxşar xəbərlər