Bu göbələk öldürür...

Bu göbələk öldürür... Bəzən insanlar göbələyin zəhərli olub-olmadığını müəyyənləşdirə bilmir və bu sonda faciə ilə nəticələnir. Bir neçə gün öncə Qaxda iki azyaşlının göbələkdən zəhərlənməsi nəticəsində dünyasını dəyişməsi də bundan xəbər verir.
Bəs zəhərli göbələyi zəhərsizdən necə ayırmaq olar?

Respublika ərazisində yetişən ən zəhərli göbələk solğun əzvay (Amanita cinsinə məxsus) göbələyidir. Bu göbələyin hətta kiçik bir hissəsinin yeyilməsi ölümə səbəb ola bilər. Solğun əzvayın toksinləri termostabildir və onun qaynadılması, qurudulması və qızardılması zamanı dağılmır. Dadı və iyinə görə qurudulmuş və ya bişirilmiş zəhərli göbələyi yeməli göbələkdən ayırd etmək olmur. Göbələkləri yığarkən, adətən, solğun əzvayı şampinyon göbələyi ilə səhv salırlar.
Solğun əzvay göbələyinin tərkibində bir neçə zəhərli qrup maddələr var, ən zəhərlisi isə amanitinlərdir. Bu göbələyin toksinləri əsasən qaraciyərə təsir etməklə, qaraciyər və qan hüceyrələrini məhvinə səbəb olur. Nəticədə qaraciyərin distrofiyası və nekrozu inkişaf edərək ölümə gətirib çıxarır.
Zəhərlənmənin ilkin simptomları göbələyin qəbulundan 6-48 saat sonra özünü göstərir. Təəssüf ki, bu vaxta qədər toksinlərin çoxu artıq bağırsaqdan qana sorulur və dağıdıcı funksiyası işə başlamış olur. Zəhərlənmə kəsilməyən qusma, qarın ağrısı, tez-tez duru ishalla başlayır. Qan təzyiqi enir, sarılıq yaranır, qaraciyər isə böyüyür. Uşaqlar isə göbələk zəhərinə qarşı daha həssasdırlar.
İlkin yardım tədbirləri kimi mədə və bağırsaqları təmizləmək, zərərçəkmişə aktivləşdirilmiş kömür vermək və ən qısa zamanda toksikoloji mərkəzə çatdırmaq lazımdır.

Tehsil-press.az

Oxşar xəbərlər