UNEC tələbəsi Beynəlxalq zəfər düşərgəsinin iştirakçısı olub

UNEC tələbəsi Beynəlxalq zəfər düşərgəsinin iştirakçısı olub Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsinin mühasibat uçotu və audit ixtisasının 4-cü kurs tələbəsi Günel Qasımlı Azərbaycan Respublikasının Gənclər Fondu, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və Türkiyə Gənclik Vəqfinin (TÜGVA) birgə təşkilatçılığı ilə Türkiyənin Qaziantep şəhərində keçirilən Beynəlxalq zəfər düşərgəsinin iştirakçısı olub.
Günel Qasımlı düşərgəyə müraciət edən 1000 gəncin arasından seçilərək düşərgədə iştirak hüququ qazanıb. Düşərgənin məqsədi Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin iki qardaş ölkənin gəncləri arasında təbliği, onların əməkdaşlığının daha da inkişaf etdirilməsi, müxtəlif sahələrdə birgə tədbirlər və layihələrin reallaşdırılması olub.
Düşərgə müddətində gənclər Türkiyənin Qaziantep, Şanlıurfa şəhərlərinin tarixi yerləri ilə tanış olub, həmçinin müxtəlif seminar və konfranslarda iştirak ediblər. Eləcə də Naxçıvanın tarixi-mədəni abidələri və digər turizm məkanlarını ziyarət ediblər.
Layihə çərçivəsində gənclərə vətənpərvərlik ruhunun aşılanması, Vətən müharibəsi həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə qazilərlə görüşlər keçirilib. Layihə iştirakçıları Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru, Milli Məclisin deputatı Cəbi Quliyev, Türkiyə Gənclik Vəqfinin rəhbəri Enes Eminoğlu ilə də görüşüblər.

Tehsil-press.az


Oxşar xəbərlər