Hippokrat andı içənlərin arxiv sənədləri

Hippokrat andı içənlərin arxiv sənədləri İnsan ömrünü həzin bir nəğməyə bənzədirlər. Elə bir nəğməyə ki, onun sözlərini də, musiqisini də insan özü yaradır: yaşadığı ömürlə, həyatda tutduğu mövqe ilə, qazandığı uğurlarla... Bu baxımdan həkimlik peşəsi daha xarakterikdir. Ən qədim və şərəfli peşələrdən hesab olunan, illərin sınağından keçərək müasir dövrümüzə gəlib çatan, insana dünyanın ən gözəl neməti olan cansağlığı bəxş edən həkimlik ildən-ilə daha da inkişaf edib, tibb xidməti müasir tipli avadanlıqlarla, dərman və preparat ixtiraları ilə təchiz olunub, insanların sağlamlığını qoruyan daha sürətli və effektli müalicə üsulları tapılıb. Hippokrat andı içmiş, bu anda sadiq qalan ağxalatlı təbiblərin öz bilik və bacarıqlarından istifadə edərək insanların “olum-ölüm” dilemmasında birincinin daha uzunömürlü olmasına səy göstəriblər.
Bu fikirlər Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin “Hippokrat andı içənlərin arxiv sənədləri” kitabından götürülüb.
Azərbaycan Respublikasında arxiv quruculuğunun 100 illik yubileyi ilə əlaqədar Milli Arxiv İdarəsinin tədbirlər planı çərçivəsində tərtib edilən bu kitab ölkəmizin tibb elmi tarixində xüsusi xidmətləri olmuş Mirməmməd Cavadzadə, Ümnisə Musabəyova, Zəhra Quliyeva, Hüseyn Əliyev, Azad İsmayılov, Məmmədəmin Əfəndiyev, Adilə Namazova, Nazim Əfəndiyev, Gülzar İmaməliyeva və başqaları olmaqla dünya şöhrətli 24 həkimin Dövlət Elm və Texnika Sənədləri Arxivində mühafizə olunan şəxsi fondlarındakı sənədlər əsasında hazırlanıb. Kitab həmin şəxslərin həyat və fəaliyyəti, onların Azərbaycan səhiyyə sisteminə verdiyi töhfələr haqqında dolğun təsəvvür yaradır. İndi onların heç biri həyatda yoxdur. Şərəfli ömür yollarında həyata keçirdikləri xeyirxah və işıqlı əməlləri nəsillərə yadigar qalıb. Məşhur uroloq-cərrah, akademik Mirməmməd Cavadzadə həkimlərə el məhəbbətini, həyata, yaşamağa inam yaradanları belə səciyyələndirib: “Xəstəni həyata qaytaran həkim onun üçün ən doğma adamdır”.
Kitabın hazırlanmasında məqsəd gənc nəsli, eləcə də gənc alimləri tibb elminin inkişafına böyük töhfələr vermiş görkəmli şəxslərin həyat və fəaliyyəti ilə tanış etməkdir. Nəşrə Milli Arxiv İdarəsi rəisinin müavini Həsən Həsənovun “Şəxsi mənşəli sənədlər elmi tədqiqatlar üçün əvəzsiz tarixi mənbədir” sərlövhəli məqaləsi də daxil edilib. H.Həsənov yazır: “Arxiv sənədlərinə nəzər saldıqda görürük ki, hələ 1840-cı ildə Şamaxı quberniyasında Xəzər vilayəti üzrə həkim vəzifəsi təsis edilmiş, 1893-cü ildə vəba xəstəliyinə qarşı mübarizə məqsədilə Bakıda həkim-müşahidə stansiyası yaradılmışdır. Eyni zamanda, əhaliyə ambulator xidmətlərin göstərilməsi üçün pulsuz müalicəxanalar təşkil edilmişdir. Lakin həmin illərdə yeni yaradılan səhiyyə ocaqlarında işləyənlərin tərkibində azərbaycanlı həkimlərin sayı olduqca az olmuşdur”.
Məqalədə, həmçinin qeyd edilir ki, elmi-tarixi tədqiqatların aparılması üçün müstəsna əhəmiyyətə malik tarixi faktları və həqiqətləri özündə əks etdirən yazılı mənbələr sırasına idarəçilik, elm-texnika, kinofotofono sənədləri ilə yanaşı, cəmiyyətin sosial-mədəni mühitinin öyrənilməsində əvəzsiz rolu olan şəxsi mənşəli fondlar da daxil edilir. İdarəçilik sənədləri xalqın qəhrəmanlıq tarixi, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, mədəni-tarixi inkişafını rəsmi sənədlər əsasında öyrənməyə imkan verdiyi kimi, şəxsi mənşəli sənədlər şəxsiyyətlərarası münasibətlərin, fərdin özünün şəxsiyyət olaraq formalaşmasının, onun yaşadığı məkan və zaman çərçivəsində baş vermiş ictimai-siyasi, mədəni-tarixi proseslərin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Nəşrin məsul redaktor Milli Arxiv İdarəsinin rəisi filologiya elmləri doktoru, professor Əsgər Rəsulovdur. Kitab Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Dövlət Elm və Texnika Sənədləri Arxivinin direktoru Fazil Abbasov, direktor müavini Natəvan Talıbova və arxivin əməkdaşları tərəfindən tərtib edilib.

Tehsil-press.az


Oxşar xəbərlər