UNEC-də dəyirmi masa: Ekoloji tarazlığın müxtəlif aspektləri

UNEC-də dəyirmi masa: Ekoloji tarazlığın müxtəlif aspektləri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Mühəndislik fakültəsində “Ekoloji tarazlığın müxtəlif aspektləri” mövzusunda onlayn dəyirmi masa təşkil olunub.
Tədbiri fakültənin dekanı dosent Elçin Səmədov açaraq qlobal ekoloji problemlərin həlli baxımından bərk məişət tullantılarının düzgün idarə olunmasının vacibliyindən danışıb. O, ölkədə su ehtiyatlarının zənginləşdirilməsində işğaldan azad olunmuş ərazilərimizin xüsusi əhəmiyyəti barədə də ətraflı məlumat verib.
“Bərk məişət tullantılarının çeşidlənməsi” mövzusunda məruzə edən Mühəndislik və tətbiqi elmlər kafedrasının material mühəndisliyi ixtisasının baş müəllimi Afət Cəfərova məişət tullantılarının təsnifatı, Azərbaycanda bərk məişət tullantılarının idarə olunması, faydalı qazıntı tullantılarını zərərsizləşdirməklə onlardan səmərəli istifadənin texnologiyasından danışıb. Diqqətə çatdırıb ki, hazırda tullantıların atılmasının əsas üsulu - onların poliqonlara daşınması problemi həll etmir, çünki poliqonlar atmosferi, torpağı, qrunt sularını çirkləndirən mənbələrdir.
“İşğaldan azad olunmuş ərazilərin Azərbaycanın su ehtiyatlarının idarə edilməsində rolu” mövzusunda çıxış edən Mühəndislik və tətbiqi elmlər kafedrasının müəllimi Kəmalə Mustafayeva həmin ərazilərin bərpa olunan enerji mənbələri ilə zənginliyindən söz acıb, bu resurslardan istifadə haqqında tədbir iştirakçılarını məlumatlandırıb. O, işğaldan azad olunmuş ərazilərdən keçən çayların su ehtiyatları, su anbarlarının tutumu, çaylar üzərində yenidən qurulan və müasir standartlara cavab verən su elektrik stansiyalarının gücü haqqında danışıb.
Hər iki mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Tədbirə dəvət olunmuş Türkiyənin Artvin Çoruh Universitetinin dosenti Ayla Bilgin təşkilatçılara və məruzəçilərə təşəkkür edərək, ölkəmizdə ekoloji problemlərin həlli və su ehtiyatları haqqında maraqlı və ətraflı məlumatlar əldə etdiyini bildirib. Dəyirmi masada, həmçinin Mühəndislik və tətbiqi elmlər kafedrasının professoru Zabit Aslanov, dosentləri İlham Seyidəliyev, Tofiq Osmanov, Kəmalə Dadaşova, baş müəllim Azər Məmmədov çıxış ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər