Həştərxan Dövlət Universiteti Azərbaycanla əməkdaşlığı genişləndirir

Həştərxan Dövlət Universiteti Azərbaycanla əməkdaşlığı genişləndirir Həştərxan Dövlət Universitetinin (HDU) Bakıdakı Həştərxan İşgüzar Mərkəzi əsasında yaradılmış Təhsil, Elm və Texnologiyalar Mərkəzi Azərbaycanla humanitar əməkdaşlığın inkişaf etdirilməsinə və təhsil sahəsində əlaqələrin genişləndirilməsinə şərait yaradacaq.
Həştərxan Dövlət Universitetinin rektoru Konstantin Markelov bu sözləri TASS agentliyinə müsahibəsində söyləyib.
Xatırladaq ki, dekabrın 7-də Bakıda Həştərxan İşgüzar Mərkəzi açılıb. Təhsil sahəsində Azərbaycan ilə çoxillik birgə iş təcrübəsinə malik olan Həştərxan Dövlət Universitetinin Təhsil, Elm və Texnologiyalar Mərkəzi bu qurum əsasında yaradılıb. Hazırda Həştərxanda Azərbaycandan olan 400-ə yaxın tələbə təhsil alır.
K.Markelov deyib: “Bu gün biz süni intellekt, robot texnikası, informasiya-telekommunikasiya texnologiyaları, idarəçilik kadrlarının hazırlanması və yenidənhazırlanması sistemi ilə bağlı elm və təhsil layihələri üzrə Azərbaycan tərəfin sorğularını qəbul edirik. Belə layihələri gündəlik rejimdə yerinə yetirmək zəruridir və bundan ötrü ölkədə bizim bazamız, dayaq nöqtəmiz olmalıdır. Yeni Mərkəz Azərbaycan tərəfi ilə birgə layihələri daha sıx kooperasiya rejimində yerinə yetirməyə imkan verəcək. Bu Mərkəz akademik mübadilə və tələbə mübadiləsi, kadr hazırlığı, habelə birgə elmi işlər üçün qüvvələrin cəmləşdiyi nöqtə olacaq”.
Rektor daha sonra bildirib ki, onun rəhbərlik etdiyi ali məktəb yaxın vaxtlarda rus dilinin inkişafı və Azərbaycanın rusdilli məktəblərində dərs deyən mütəxəssislərin hazırlanması ilə əlaqədar layihəni reallaşdırmağa başlayacaq.

Tehsil-press.az


Oxşar xəbərlər