Vyanada pandemiya ilə bağlı növbəti etiraz aksiyasında iştirakçıların sayı artıb

Vyanada pandemiya ilə bağlı növbəti etiraz aksiyasında iştirakçıların sayı artıb Avstriyada hökumətin pandemiyaya qarşı mübarizə qaydaları və nəzərdə tutulan məcburi peyvənd qanunu ilə bağlı etiraz aksiyaları artıq hər həftə təşkil olunur.
Dekabrın 11-də keçirilən növbəti etiraz aksiyasında təkcə paytaxt Vyana şəhərində 44 min insan iştirak edib. Etiraz aksiyalarının əsas təşkilatçısı kimi isə ana müxalifət partiyası sayılan Avstriya Azadlıq Partiyasıdır (FPÖ). Peyvənd inkarçılarının rəğbətini qazanan bu sağçı-radikal partiya məhdudiyyətlərə qarşı çıxmaqla yanaşı, peyvəndlə bağlı müəyyən stereotipləri tirajlamağa da xüsusi diqqət ayırır.
Etiraz aksiyası ilə bağlı hökumət nümayəndələri həmin partiya rəhbərliyinə öz açıq tənqidini də ifadə edib. Avstriyanın turizm naziri Elizabet Köstinqer FPÖ sədri Herbert Kikli insanları yanlış əsaslarla nümayişlərə, etiraz aksiyalarına və hətta güc tətbiqi ilə müqavimətə çağırmaqda ittiham edib. O bildirib ki, pandemiyadan qurtulmaq üçün elmi tədqiqatların nəticəsi olan peyvəndlər mövcud olsa da, cəmiyyət daxilində aparılan antikampaniyalar əhali arasında vaksinasiyanın səviyyəsinin lazımi həddə çatmasına imkan vermir. Hazırda xəstəxanaların reanimasiya şöbələrində vəziyyət kritikdir, mühüm cərrahi əməliyyatların vaxtı təxirə salınır. E.Köstinqer vurğulayıb ki, bu vəziyyətə görə məsuliyyət daşıyan H.Kiklin əli artıq qana bulaşıb.
Eyni zamanda, H.Kikl etiraz aksiyalarını öz siyasi bəyanatları və hökumətə qarşı hücumları üçün səhnə kimi istifadə etməkdə tənqid olunub.
FPÖ isə tənqidlərə cavab olaraq hökumətin yarıtmaz siyasəti nəticəsində artıq kürəyinin divara dirəndiyini və diqqəti özündə yayındırmağa çalışdığını bəyan edib. Partiyanın bəyanatında gələn il fevralın 1-dən qüvvəyə minəcək məcburi peyvənd haqqında qanun “insanlığa qarşı sui-qəsd” kimi dəyərləndirilib.
Vyanada hökumət məhəlləsi yaxınlığındakı Heldenplatz meydanında yekunlaşan etiraz aksiyası bir neçə qanun pozuntusu və saxlanılma istisna olmaqla ümumilikdə dinc şəraitdə keçib.

Tehsil-press.az

Oxşar xəbərlər