ADA Universitetində keçirilən seminar “Creative Spark” proqramının tərəfdaşlarını, müəllim və pedaqoqları bir araya gətirib

ADA Universitetində keçirilən seminar “Creative Spark” proqramının tərəfdaşlarını, müəllim və pedaqoqları bir araya gətirib “British Council” Azərbaycanın ali təhsil müəssisələri ilə yaxın tərəfdaşlığı və “Creative Spark” proqramı çərçivəsində sahibkarlıq təhsilinin kurikuluma daxil edilməsi ilə bağlı ən yaxşı təcrübələri paylaşmaq üçün seminar təşkil edib.
Seminarda Azərbaycan Respublikası təhsil nazirinin müşaviri Ülkər Səttarova və Kent Universiteti, “Middlesex” Universiteti, həmçinin ADA Universiteti və Xəzər Universiteti kimi tərəfdaş ali təhsil qurumlarının müəllimləri iştirak ediblər.
Paneldə “British Council”ın ekspertləri, “MeWeUs” Fondunun təsisçisi, Kent Universitetinin Siyasət və beynəlxalq münasibətlər fakültəsinin məzunu çıxış ediblər.
Seminar iştirakçılara təlim fəaliyyətlərini, məqsədlərini və ya qiymətləndirmələrini sahibkarlıq təhsili nöqteyi-nəzərindən dəyərləndirmək və bu təlimini pedaqoji plana, kurikuluma daxil etmək üçün strategiyalar hazırlamaq imkanı verəcək.
Tələbələrə, məzunlara və yaradıcı şəxslərə sahibkarlıq bacarıqları resurslarının çatdırılması “British Council”ın Cənubi Qafqaz, Mərkəzi Asiya və Ukraynada beşillik “Creative Spark” təşəbbüsünün tərkib hissəsidir.
Proqram Azərbaycan və Birləşmiş Krallığın 16 universiteti və yaradıcı təşkilatını əhatə edən yeddi beynəlxalq tərəfdaşlıq vasitəsilə həyata keçirilir. Birləşmiş Krallıq tərəfdaşlıqları birbaşa maliyyələşdirməklə yanaşı, eyni zamanda, Azərbaycandakı tələbələrə müxtəlif ideyaların irəli sürülməsi və biznesin qurulması, əqli mülkiyyətin qorunması və maliyyə dəstəyinin təmin edilməsi kimi mövzularda müxtəlif imkanlar və peşəkar inkişaf kursları təklif edir.

Tehsil-press.az



Oxşar xəbərlər