İstanbul Kent Universiteti ADNSU ilə əməkdaşlıqda maraqlıdır

İstanbul Kent Universiteti ADNSU ilə əməkdaşlıqda maraqlıdır Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İstanbul Kent Universitetinin rektoru professor Necmettin Atsünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə bu ali məktəbin rektoru professor Mustafa Babanlı rəhbərlik etdiyi universitetin tarixi, inkişaf yolu, mühəndis kadrlarının hazırlanması sahəsində uğurları haqqında məlumat verib.
Rektor hazırda ADNSU-da müasir ixtisaslar üzrə kadr hazırlığından danışaraq, universitetdə süni intellekt, nanomateriallar, qida mühəndisliyi və digər müasir ixtisaslar üzrə tədrisin həyata keçirildiyini qeyd edib.
Professor Necmettin Atsü İstanbul Kent Universitetinin əsasən tibb sahəsində ixtisaslaşdığını və hazırda mühəndisliklə tibb sahələrinin sintezi üzərində yeni ixtisasların tədrisi barədə düşündüklərini bildirib. O, ADNSU-nun mühəndis ixtisasları üzrə kadr hazırlığı sahəsində çoxillik zəngin təcrübəsinin Kent Universitetinin diqqətini çəkdiyini deyib.
N.Atsü rəhbərlik etdiyi universitet ilə ADNSU arasında tədris və tələbə mübadiləsi proqramlarında, o cümlədən müəllimlərin mübadiləsində maraqlı olduqlarını bildirib.
Professor M.Babanlı ADNSU-nun səmərəli əməkdaşlığa daim hazır olduğunu qeyd edərək tədqiqat, innovasiyaların tətbiqi, tələbə və müəllimlərin mübadiləsi sahəsində birgə fəaliyyətə hazır olduğunu söyləyib. Hər iki rektor universitetlər arasında konkret əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə müvafiq bölmələrin əlaqəli şəkildə çalışmasına dair razılığa gəliblər.
Sonra nümayəndə heyəti ADNSU-nun Azİİ Elektron kitabxanası, HPC Mərkəzi ilə tanış olub.

Tehsil-press.az

Oxşar xəbərlər