Çinin Lonqdonq Universiteti ADNSU ilə birgə layihələr gerçəkləşdirmək istəyir

Çinin Lonqdonq Universiteti ADNSU ilə birgə layihələr gerçəkləşdirmək istəyir Çin Xalq Respublikasında səfərdə olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı dekabrın 23-də Qansu əyalətinin Lonqdonq Universitetinin prorektoru Ma Yueninqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Prorektor Ma Yueninq Lançjouya Lonqdonq Universiteti rektorunun tapşırığına əsasən əməkdaşlıq münasibətlərinin müzakirəsi məqsədilə gəldiklərini, təmsil etdiyi ali məktəbin neft-qaz təhsili sahəsində Çində aparıcı universitetlərdən biri olduğunu diqqətə çatdırıb.
Rektor Mustafa Babanlı Lonqdonq Universitetinin ADNSU ilə əməkdaşlığa verdiyi böyük önəm görə təşəkkür edərək ali məktəbin imkanları və nailiyyətləri barədə danışıb, çinli həmkarlarla əməkdaşlığa hazır olduğunu bildirib.
Lonqdonq Universitetinin prorektoru ADNSU-nun yüksək potensialından istifadə etmək arzularını ifadə edərək ixtisasartırma və elmi kadrların hazırlanmasında, azərbaycanlı müəllimlərin tədrisə cəlb olunmasında, birgə layihələrin gerçəkləşdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.
Görüşdə Lonqdonq Universiteti nümayəndələrinin ADNSU-da təhsil imkanları ilə yerində tanış olmaları üçün Azərbaycan paytaxtına səfərə gəlmələrinə dair razılıq əldə edilib.

Kəmalə Rəhimli

Oxşar xəbərlər