Beynəlxalq məktəblərdə coğrafiya fənninin tədrisinə dair magistrantlar üçün seminar təşkil edilib

Beynəlxalq məktəblərdə coğrafiya fənninin tədrisinə dair magistrantlar üçün seminar təşkil edilib Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) magistrantlar üçün "Beynəlxalq məktəblərdə coğrafiya fənninin tədrisi" mövzusunda seminar keçirilib.
Seminarda çıxış edən Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi texnologiyası kafedrasının müdiri dosent Oqtay Alxasov bildirib ki, gənc metodist tədqiqatçıların coğrafiyanın tədrisi sahəsində beynəlxalq təcrübəni öyrənmələri vacibdir. Bu istiqamətdə ardıcıl iş aparan Pedaqoji Universitet magistrantların sahənin tanınmış mütəxəssisləri ilə görüşlərinə xüsusi önəm verir.
Seminarda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin əməkdaşı, beynəlxalq fənn olimpiadalarının keçirilməsi üzrə mütəxəssis və beynəlxalq təhsil eksperti Elnur Osmanov beynəlxalq məktəblərdə coğrafiya fənninin tədrisi proqramları və sillabusları haqqında məlumat verib. E.Osmanov bu sahədə tanınan Kembric Universitetinin sillabusu və “İnternational Bachelor” (İB) proqramının strukturu barədə danışıb.
Qeyd edilib ki, bu proqramlar üzrə təhsil alan şagirdlər əldə etdikləri sertifikatlar əsasında dünyanın əksər ali təhsil müəssisələrinə birbaşa müraciət imkanı qazanırlar.
Sonda suallar cavablandırılıb.

Tehsil-press.az


Oxşar xəbərlər