Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri təcrübə proqramına qatılıblar

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri təcrübə proqramına qatılıblar “166 Logistika Akademiyası” 2020 yay təcrübə proqramına başlayıb. Seçim mərhələsində iştirak etmiş 350 nəfərdən 41-i uğur qazanaraq “166 Yükdaşıma və Logistika” şirkətində 3 aylıq ödənişli (şirkət tərəfindən ödəniş olunaraq) təcrübə proqramına qatılmaq imkanı əldə edib.
“166 Logistika Akademiyası” yay təcrübə proqramında iştirak hüququ qazananlar ölkənin müxtəlif universitetlərindən olan tələbə və məzunlardır. Onlar arasında 6 nəfər ADNSU-nun tələbə və məzunlarıdır. Seçim mərhələsindən uğurla keçən tələbə və məzunlar şirkətin əsas departamentlərində yer alaraq peşəkar əməkdaşlar tərəfindən logistika və nəqliyyat, satış, marketinq və biznesin inkişafı, maliyyə, mühasibatlıq, insan resursları və s. sahələrdə praktiki, eyni zamanda, nəzəri bilik və bacarıqlara yiyələnəcəklər. Proqrama qatılan iştirakçılar təcrübəçi olaraq rəsmi qeydiyyata alınacaq. Proqramı uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim edilərək “166 Yükdaşıma və Logistika” şirkətində işlə təmin olunmaq imkanı veriləcək.
Qeyd edək ki, son zamanlar ölkəmizdə logistika sahəsi sürətlə inkişaf edir. “166 Yükdaşıma və Logistika” şirkəti də yenilikləri hədəf almaqla hər zaman gənc və istedadlı kadrlara üstünlük verir. Yay təcrübə proqramını həyata keçirməkdə də əsas məqsəd logistika sahəsində istedadların aşkara çıxarılması, gənc kadrların yetişdirilməsi, ənənəvi və yeni metodlarla tanış edərək təcrübələrinin artırılması, onlara əlverişli iş mühiti yaratmaqla ölkədə peşəkar kadrların hazırlanmasına yeni töhfə verməkdir.

Tehsil-press.az

Oxşar xəbərlər